Bilik rekordçuları: "700 bal toplamaq üçün çox oxumaq lazımdır" - REPORTAJ
Səbinə İsmayılova III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayan yeganə abituriyentdir. Deyir ki, yüksək nəticə əldə etməsinə görə ilk növbədə məktəbinə və müəllimlərinə borcludur. Məktəbdə dərslərin yüksək səviyyədə keçirilməsi sayəsində 10-cu sinfə qədər əlavə hazırlığa getməyə ehtiyac duymayıb. Yalnız 11-ci sinifdə fərdi müəllim yanına gedib: "700 bal toplayacağımı gözləmirdim, xəyalıma belə gətirmirdim, ancaq Prezident təqaüdü almağı çox arzulayırdım. Bu nəticəyə həm köhnə məktəbim, həm də akademik Zərifə Əliyeva adına məktəbin müəllimlərinin əməyi sayəsində nail oldum".
Səbinə deyir ki, yüksək nəticə əldə etmək üçün son iki ili deyil, 11 ili oxumaq lazımdır. İxtisas seçiminə gəlincə, Səbinə hüquqşünas və filologiya ixtisasları arasında seçim aparacağını deyir. Hansı universitetdə oxuyacağına da hələ qərar verməyib: "Mən bir fənni yox, ümumiyyətlə, elmi sevirəm, çünki hansısa fənn insan üçün ürəyincə olmaya bilər. Hüquqşünaslıq mənim xarakterimə uyğundur, çünki həm özümün, həm də haqqı tapdanan insanların hüquqlarını müdafiə etməyi sevirəm. Filoloq olsam, təhsil müəssisələrində aşılanmayan məqamları daha dərindən araşdırmaq istəyirəm".
Yaxınları və müəllimləri isə ondan bu yüksək nəticəni gözləyiblər. Səbinənin sinif rəhbəri onu təhsil qəhrəmanı saydığını deyir: "Səbinənin bu uğuru təsadüfi deyil, biz bunu gözləyirdik, ona inanırdıq. Gecə-gündüz çalışırdı, dərslərini buraxmırdı, bilmədiyini soruşurdu, bir dəfə "müəllimə, yoruldum" sözünü biz ondan eşitmədik".
Qəbul imtahanlarında II ixtisas qrupu üzrə bütün suallara doğru cavab verib, rekorda imza atan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Cavad Əliyev isə deyir ki, özünə inanırmış və bu nəticəni gözləyirmiş. O, yüksək bal toplamağı əvvəldən qarşısına məqsəd qoyub. Cavad artıq seçimini də edib, iqtisadiyyat üzrə təhsil almaq istəyir: "Təhsilimi iqtisadiyyat fakültəsi üzrə davam etdirməyi düşünürəm. Universiteti hələ seçməmişəm. İqtisadiyyat çox önəm daşıyır, buna görə də iqtisadiyyat sahəsində təhsilimi davam etdirib, Azərbaycana layiqli övlad olmaq istəyirəm".
Ali məktəbə keçirilən imtahanda II qrup ixtisası üzrə yüksək bal toplayan məzunlardan biri də Arzu Məmmədzadədir. Uğurunun sirrini o, bütün fənlərə məsuliyyətlə yanaşmaqda görür. Arzu da imtahanda yüksək bal toplayacağına əvvəldən inanıb. Ən böyük arzusu isə səfir olmaqdır: "Çox oxumaq lazımdır, bütün dərslərə məsuliyyətlə yanaşmaq lazımdır, xüsusən də məktəbdə keçilən dərslərə. Uşaqlar əsasən hazırlıq proqramına fikir verir, amma əsas şərtlərdən biri məktəbdə dərsləri düzgün şəkildə oxumaqdır. Səfir olmaq istəyirəm, ona görə də beynəlxalq münasibətlər fakültəsinə üstünlük verərəm".
Qeyd edək ki, I və IV qrup ixtisasları üzrə ali məktəblərə bakalavr pilləsinə ilk qəbul imtahanı mayın 7-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır