Qabil Abbasoğlu: "Azərbaycan mətbuatının düzgün başlıq seçiminə ehtiyacı var"
Bakıda “Travma hadisələrinin işıqlandırılmasında beynəlxalq təcrübə” mövzusunda təlim davam edir.
APA TV-nin xəbərinə görə, seminarda sığınacaqlarda olan insanların, uşaqların taleyi, onların vəziyyətinin mətbuatda işıqlandırılması və digər mövzular ətrafında müzakirələr aparılıb.
Beynəlxalq təlimçi, jurnalist Arnold İsaks bu gün keçirilən təlimdə jurnalistlərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb. Təlimçi deyib ki, jurnalist hansısa bir hadisəni işıqlandırarkən onun içində olmamalıdır: “Kənardan məsələyə yanaşmaq lazımdır, onun içərisinə daxil ola bilmərik. Amma yenə də vəziyyətdən asılı olaraq münasibət dəyişə bilər. Hisslərdən azad olaraq bitərəf olmaq lazımdır. Jurnalistin əsas işi yazacağı yazının daha dəqiq olmasıdır”.
Daha sonra çıxış edən Lent.az-ın baş direktoru Qabil Abbasoğlu bildirib ki, jurnalistika ağır, mənəvi investisiya, kompensasiya tələb edən peşədir. Burada insanlar üçün ciddi risklərin olduğunu deyən baş direktor qeyd edib ki, ağır travmalı insanla müsahibə götürmək siyasətçinin işi ilə müqayisədə daha çətindir. Jurnalist travma qurbanının yanında dinləyəndir: "Çünki qurban üçün həmin zaman ən əsas məsələ kimsə tərəfindən dinlənilməsidir. Jurnalist psixoloq deyil, amma biz məsuliyyəti anlayacaq qədər vicdanlı olmalıyıq. Hesab edirəm ki, travma hadisəsinin ikinci ağır tərəfi jurnalistika ilə məşğul olanların özlərinin travmalı olmasıdır. Travmalı jurnalistə redaksiya daxilində, kollektivdə xüsusi yanaşılmalıdır".
Baş direktor qeyd edib ki, Azərbaycan mətbuatının düzgün başlıq seçiminə ehtiyacı var. Başlığın xəbəri oxucuya satmaq funksiyası daşıdığını deyən Qabil Abbasoğlu vurğulayıb ki, bu funksiyaya hələlik Azərbaycanda ehtiyac var: "Amma medianın cəlbedici başlıq hazırlamaq hüququ var deyə, bu ona imkanı vermir ki, hansısa travma qurbanı olan şəxsə və ya hadisəyə qarşı bundan istifadə etsin".
Qeyd edək ki, üç günlük təlim ABŞ səfirliyinin “Alumi MAX” proqramı çərçivəsində, “APA Holding”in informasiya dəstəyi və bir sıra təşkilatların təşkilatçılığı ilə keçirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır