Azərbaycanın ilk mistik trilleri təqdim olundu

Nizami Kino Mərkəzində Azərbaycanda ilk mistik triller hesab olunan “Xənnas” filminin təqdimatı baş tutub.

 

Filmin rejissoru Elvin Abdulla iddialı olduğunu və bu ekran işi vasitəsilə Azərbaycan kinematoqrafiyasında xüsusi iz buraxacağına əmin olduğunu bildirib: “İnsanın psixoloji məqamları ilə dinin əsas elementlərini yaxşı şəkildə uzlaşdıra bilmişik. Bunu filmə baxanda görə biləcəksiniz”.

 

Film haqqında xəbərlər sosial mediada “tarixi yazanlar” həştəqi ilə paylaşılırdı. Rejissor bu məsələyə də aydınlıq gətirib: “Burada gördüyünüz insanlar tarixi yazan insanlardır. Tam məsuliyyətlə deyirik ki, “Xənnas” filmi Azərbaycanın ilk mistik trilleridir”.

 

Rejissor filmin Türkiyə və Qazaxıstanda da nümayiş etdiriləcəyini bildirib.  

 

Əsas rollardan birinin ifaçısı Zarinanı isə biz daha çox komediya filmlərində görmüşük. Deyir ki, ssenarini oxuyanda tərəddüd etsə də, özünü o rolda görüb: “Bir az qorxdum. Çünki mənim təxəyyülüm bir az güclü inkişaf edib. Evdə yata bilmirdim. Gözümü aça bilmirdim ki, yanımda kimsə var. Özüm özümdən qorxurdum. Güzgüyə baxa bilmirdim. Amma keçdi".

 

Soltan Abdullayevin quruluşçu operatoru olduğu “Xənnas” filmində Hikmət Rəhimov, Zemfira Əbdülsəmədova, Pərvin Abıyeva, Qorqud Cəfər, Azər Aydəmir kimi tanınmış aktyorlar da çəkilib.

 

İndi isə film barədə. Hadisələr bir evdə baş verir. Əsas qəhrəmanın babası sovet dönəmində Stalinin əmri ilə dindar insanları bu evin zirzəmisində öldürürmüş. Və nəticədə həmin ev lənətə gəlir.

 

Lənətlənmiş evə gedən qəhrəmanlara Xənnas qorxu dolu anlar yaşadır. Rejissor Xənnasın kimin ruhunu ələ keçirib zərər verməsini, kimə isə yaxın düşə bilməməsini çox aydın və həssas şəkildə göstərib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR