"Yaşamaq da cinayətdir" kitabının müəllifinə hökm oxundu - ŞAİR İKİ MAŞIN YANDIRIB
Ağcabədidə məskunlaşan laçınlı məcburi köçkün ailələrinin üzləşdiyi müəmmalı cinayətin üstü aşılıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, ayrı-ayrı illərdə 3 evi talan edib, 2 avtomobili yandıran cinayətkar dəmir barmaqlıqlar arxasına göndərilib.
Zərərçəkənlərin hamısı Taxtakörpü adlanan ərazidəki Qarakeşdi obasında məskunlaşan Laçından olan ailələrdir. Obadakı ailələrin hamısı bir-birinə demək olar ki, qohumdur. İlk hadisə 2014-cü ildə baş verib. Xanəli Verdiyevə məxsus "VAZ-21015" markalı avtomobil gecəyarısı tamamilə yanaraq sıradan çıxıb. İlkin ehtimal kimi avtomobilin qısaqapanmadan yandığı bildirilib. Zərərçəkən bununla razılaşıb.
2015-ci ildə isə oba sakinlərindən 3 nəfərə məxsus ev talan edilib. Mobil Əlişzadəyə məxsus evin qapısını sındıraraq evə daxil olan naməlum şəxs ev sahibinə üstüörtülü mesaj göndərib: "Biz həmin yay Daşkəsəndə yaylaqda idik. Evə gələndə gördük ki, evimizi dağıdıblar. Mənim toy şəklimin üstünə bıçaq qoyublar, qapıdan çöldə isə süfrəni sərib üstünə 2 stəkanı tərsinə qoyaraq məni ölümlə hədələyib. Bununla yanaşı, mənim iki dayımın - Verdiyev Bəyoğlanın və Verdiyev Şəhriyarın evinə də girmişdilər".
Naməlum şəxs öz əməllərinə bununla da son verməyib. Bir il sonra Xanəli Verdiyevə məxsus ikinci avtomobili yandırıb. Cinayət hadisəsinin qərəzli şəkildə törədilməsi ehtimalı Laçın polisini cinayətkarı oba sakinləri arasında axtarmasına sövq edib: "Biz bu haqda polisə məlumat verdik. Onlar araşdırma apardı və məlum oldu ki, bu hadisəni qohumumuz İkram Şükürov törədib".
Laçın rayon Məhkəməsinin hökmü ilə İkram Şükürov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı, məhkəmə “Mercedes” markalı avtomobilə dəyən ziyanın ödənilməsi barədə də qərar çıxarıb.
İkram Şükürov zərərçəkənlərin həmkəndlisi, qohumu və qonşusu olub. Ali təhsilli olan İkram bir şeir kitabının da müəllifidir. Kitabın adı isə əməli ilə üst-üstə düşür: “Yaşamaq da cinayətdir”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır