Sumqayıtda lift və sayğac oğruları tutuldu

Sumqayıtda lift və sayğac oğurluğu ilə məşğul olan dəstə üzvləri zərərsizləşdirilib.

 

APA TV-nin xəbərinə görə, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) cinayət-axtarış şöbəsi (CAŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki çoxmənzilli yaşayış binalarının girişindəki su sayğacını oğurlamağa cəhd göstərən Corat qəsəbə sakinləri - Sənan Süleymanlı, onun qardaşı Kənan və Faiq Bayramlı saxlanılıblar.

 

Saxlanılan şəxslərin ətrafında aparılan tədbirlərlə onların bu ilin yanvar ayından aprel ayına qədər olan müddətdə şəhər ərazisində 50-yə yaxın mənzilin su sayğacını oğurlamaları da müəyyən edilib. Qeyd edək ki, dəstə üzvləri təkcə bir gecədə şəhərin 13-cü mikrorayonu ərazisində yerləşən binalardan birinin 21 mənzilinin su sayğacını oğurlayıblar.

 

Dəstə üzvlərinin ətrafında aparılan əlavə tədbirlər nəticəsində həmçinin onların Sumqayıtdakı yaşayış binalarında olan 70-ə qədər liftin əyləc dolaqlarını da oğurladıqları məlum olub. Saxlanılan şəxslər liftlərdəki oğurluq hadisələrini də əlvan metal əldə edib satmaq niyyəti ilə həyata keçirdiklərini etiraf ediblər.

 

Əməliyyat tədbirinin davamı olaraq saxlanılan şəxslərin oğurluq yolla əldə etdikləri mis və latunu satdıqları metal qəbulu məntəqəsinin sahibi Sumqayıt şəhər sakini Əlisəfa Qurbanov da müəyyən edilərək izahatının alınması üçün polis idarəsinə gətirilib: "5.50-dən pullarını vermişəm. Oğurluq olduğunu bilməmişəm. Təklifim odur ki, bundan sonra kim bu işlə məşğul olursa, diqqətli olsun. Oğurluq malı almasınlar".

 

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə bir daha xəbərdarlıq edərək bildirir ki, oğurluq yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat versinlər. Əks halda, həmin qəbul məntəqələri sahibləri barəsində də qanuna uyğun tədbirlər görüləcəkdir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR