General: "Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ermənistana mesajdır"

"Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlər keçirməsi hərbi-siyasi əhəmiyyət daşıyır".

 

Ehtiyatda olan general-leytenant, hərbi ekspert Yaşar Aydəmirov APA TV-yə bildirib ki, hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordusu üçün faydalıdır. Onun sözlərinə görə, təlimlər yeni döyüş taktikasının öyrənilməsi baxımından önəmli rol oynayır: "Hər iki ölkənin bir-birindən öyrənəsi çox şey var. Bu təlimlər ən yüksək səviyyədə, döyüş atışları ilə keçirilir. Taktika elə bir elmdir ki, həmişə inkişaf edir, yeni silah alınanda gərək onlar döyüş atışlarında tətbiq olunsun".

 

Hərbi ekspert deyir ki, iki ölkə arasında keçirilən təlimlər eyni zamanda düşmən dövlətə və onun himayədarlarına, eləcə də beynəlxalq ictimaiyyətə ciddi mesajdır: "Ermənistana, onun havadarlarına, regionun Azərbaycana qarşı pis münasibətdə olan dövlətlərinə ki, Azərbaycan ordusu hansı səviyyədə təlimlər keçirdir, hər il irimiqyaslı təlimlər keçirilir, bu da onun bariz bir nümunəsidir".

 

General-leytenant qeyd edib ki, iki qardaş ölkənin təlimləri Ermənistanda həyəcanla qarşılanıb. Onun sözlərinə görə, birgə təlimlər Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə hesablanıb: "Döyüş atışları ən son zirvədir. Burda elə bir relyef seçilib ki, Dağlıq Qarabağın relyefinə bənzəyir. Bütün təlimlərimiz Qarabağ istiqamətində olan və gələcəkdə keçirilə biləcək hücumların məşqi kimi bir amildir".

 

Qeyd edək ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri mayın 5-dək davam edəcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR