Astarada 6,7 milyon manata başa gələn yol sürüşür

Astarada dağ kəndlərinə gedən yolda nəqliyyatın hərəkəti çətinləşib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun 21 yaşayış məntəqəsinin 12 min əhalisinin istifadə etdiyi yolda torpaq sürüşməsi yenidən aktivləşib.

 

Sürüşmə Deqədi-Pəlikəş avtomobil yolunun rayonun Vənəşəkəş, Ağ körpü kəndlərindən  keçən hissəsində qeydə alınıb.

 

Adı çəkilən yolda mütəmadi olaraq sürüşmələr müşahidə olunur. Dəfələrlə əraziyə qum-çınqıl döşənsə də, problem həll olunmamış qalır.

 

Astaranın Pəlikeş, Sım kəndləri öz təbiəti və sərin bulaqları ilə məşhurdur. İl ərzində bura yüzlərlə turist istirahət etməyə gəlir. Gələn qonaqlar da yolda son zamanlar gediş-gəlişin çətinləşdiyini deyirlər: "Bu yolu istirahətə dincəlməyə gedirik, qonaq gedirik. Yolun bəzi hissəsi dağılıb, bərbad gündədir. Bəzi yerlərdə təmir gedir, sağ olsunlar, təmir edirlər, amma çətinlik də yaranır, maşın dağılır".

 

Hazırda Ağ körpü kəndi ərazisində 49 saylı Yol İstismar İdarəsinin ağır texnikaları və canlı qüvvəsi çalışır. İdarənin mühəndisi Tərlan Ağamalıyevin dediyinə görə, həmin əraziyə qum-çınqıl tökülüb, maşınların hərəkəti qismən təmin olunub. Sabah yolda işlər tam yekunlaşacaq.

 

Hazırda sözügedən avtomobil yolunun Baxışoba kəndindən keçən hissəsində təhlükəli vəziyyət yaranıb. Burada eni 3 metr olan yol dərəyə doğru 10 metrədək sürüşüb. Sürüşmə zolağı 40 metrlik məsafəni əhatə edib.

 

Qeyd edək ki, tikintisinə 6,7 milyon manat vəsait sərf olunmuş Deqədi-Pəlikəş avtomobil yolu iki ildir istifadəyə verilib. Həmin vaxtdan indiyədək yolda dəfələrlə torpaq sürüşmələri və uçqunlar qeydə alınıb.

 

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR