Əli Həsənov: "Bəzi “generallar” milli təhlükəsizlik orqanlarının imicinə ağır zərbə vurdular"

Bakıda “Heydər Əliyev - dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib ki, Heydər Əliyev həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətdə keçirib.

 

“Ona görə də belə bir tədbirin keçirilməsi təsadüfi deyil. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xüsusi xidmət orqanlarının inkişafını xüsusi diqqət mərkəzində saxlayıb, bu orqanların formalaşmasına böyük önəm verib. Heydər Əliyev sovet vaxtı hakimiyyətdə olduğu dövrdə təhlükəsizlik orqanlarda milliləşmə siyasəti apararaq, Azərbaycan üçün milli kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Heydər Əliyev torpaqlarımızın Ermənistana verilməsinin qarşısını alaraq, rəsmi tədbirlərdə milli dilimizin istifadəsinə geniş şərait yaradıb. Sovet vaxtı Heydər Əliyev milli ideyalara görə çoxsaylı ziyalıları təqib və həbsdən xilas edib”, - deyə DTX rəisi vurğulayıb.

 

M.Quliyev qeyd edib ki, Heydər Əliyevin təhlükəsizlik orqanlarında əməliyyat təcrübəsi bu gün də öyrənilir və şəxsi heyətə aşılanır.

 

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyev 14 ildir aramızda olmasa da, onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, ulu öndərin şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır: "Heydər Əliyevin gəlişi ilə təhlükəsizlik sistemi milliləşdi, savadlı, peşəkar milli kadrlar irəli çəkildi, təhlükəsizlik xidməti milləti təhlükələrdən qoruyan, xalqın yetişməkdə olan milli-mədəni elitasını himayə edən bir orqan oldu. Heydər Əliyevin təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi 60-cı illərdə və respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə milli azadlıq mübarizəsinin müjdəçisi sayılan elmi və bədii əsərlər yazılmış, çap edilmiş, filmlər çəkilmişdi. Lakin bu əsərlərin müəllifləri digər sovet respublikalarındakı həmkarlarından fərqli olaraq, dissident kimi təqib olunmamış və ya sürgün edilməmişlər. Əksinə, onların yaradıcılığı təbliğ edilmiş, respublikanın və Sovet İttifaqının ali mükafatlarına təqdim olunmuşlar".

 

Əli Həsənov qeyd edib ki, bu, ilk növbədə bir zamanlar cəza aparatı kimi tanınan sistemin milli maraqlara uyğun transformasiyası naminə Heydər Əliyevin titanik əməyinin nəticəsidir: "Bu gün onu da qeyd etməyə məcburam ki, bir neçə il bundan qabaq sizin sıralarınızda əyləşmiş bəzi “generallar” ümummilli liderin bu gözəl ənənəsini və nümunəsini yaşatmaq, davam etdirmək əvəzinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış anti-Azərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdular. Bilirsinizmi bu, niyə belə oldu? Çünki belələrinin qəlbində ümummilli liderə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də onların intellekti və mənəvi ailəmi belə bir orqanın generalı olmaq üçün yetərli deyildi. Heydər Əliyev fəhlə ailəsində doğulub SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlıydı. Amma Azərbaycanın təhlükəsizlik sistemini gözdən salan bəzi sizin keçmiş sələfləriniz ziyalı ailələrində dünyaya gəlsələrsə də, nə peşəkar çekistə çevrilə, nə də milli ziyalıların sırasına qoşula bildilər".

 

Tədbir çıxışlarla davam edib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR