Neft ucuzlaşır, qiymətlər 50 dollar səviyyəsinə yaxınlaşır

Birjalarda “qara qızıl” ucuzlaşmaqda davam edir. APA TV-nin xəbərinə görə, uzun fasilədən sonra ilk dəfə “Brent” markalı neftin qiyməti 50 dollar həddinə yaxınlaşır.

 

Axşam seanslarında qiymətlər 50,30 dollar həddinə ensə də, sonrakı hərraclarda qiymət 50,89 dollar olub. Qərbi Texas nefti də sürətlə dəyər itirir. Gecə seanslarında WTİ markalı neftin bir bareli 47,47 dollardan satılıb, səhər isə qiymətlər 50 sent bahalaşıb.

 

Qiymətlərin ucuzlaşmasına iki amil təsir göstərir. OPEK-in təşəbbüsünə qoşulmayan ölkələrdə neft hasilatı artır, digər tərəfdən bazar iştirakçıları OPEK üzvləri və qeyri-OPEK ölkələrinin mövcud razılaşmanın müddətini artırmaq barədə razılığa gələcəyinə şübhə ilə yanaşırlar. Qeyd edək ki, bu barədə yekun qərar mayın 25-də Vyanada keçiriləcək toplantıda qəbul edilməlidir.

 

Bu gün ABŞ-ın neft ehtiyatlarının həcminə dair Energetika Nazirliyinin rəsmi hesabatı açıqlanmalıdır. Digər tərəfdən Federal Ehtiyat Sisteminin bu gün yekunlaşacaq toplantısı da birjalarda qiymətlərə təsir edə bilər. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR