Siyavuş Novruzov: "Deputatların davranışı ilə bağlı 3 mindən çox şikayət daxil olub"
Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, spiker Oqtay Əsədov iclası açıq elan edərək cari məsələlərə yer verib. İclasın gündəliyinə 13 məsələ daxil olunub.
Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AŞPA-nın yaz sessiyasında Türkiyənin post-monitorinq mərhələsindən çıxarılaraq yenidən monitorinq altına alınması ilə bağlı qərarı müzakirə edilib.
Spiker Oqtay Əsədov Türkiyənin Avropa Şurasını təsis edən dövlətlərdən biri olduğunu xatırladaraq, AŞPA-nın bu qərarını tənqid edib: “13 il öncə Türkiyə monitorinq prosesindən çıxarılsa da, yenidən post-monitorinqdən monitorinqə keçirilməsi barədə qərar verildi. Bununla bağlı bizim AŞPA-dakı nümayəndə heyətimiz sərt çıxış etdi, bu haqsız qərara öz etirazını bildirdi”.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Türkiyə ilə bağlı hazırlanan məruzə bütövlükdə qəbulolunmazdır.
Deputat Zeynəb Xanlarova Milli Məclis adından AŞPA-ya etiraz olunmasını təklif edib: "Mən ömrüm boyu həmişə "türkəm" demişəm. Həmişə bütün dünyada konsertlərimdə demişəm ki, türkün qolu bükülməz. Avropa Şurasının Türkiyəyə qarşı qərəzi tək məni yox, bütün Azərbaycan xalqını qəzəbləndirib. Ona görə də mən çox xahiş edirəm ki, bizim Milli Məclisin adından etiraz bəyanatı yayaq. Çünki bu gün Türkiyəyə qarşı olan bu addım, sabah da bizə qarşı olacaq. Bütün Azərbaycan xalqı buna görə ayağa qalxmalıdır. Çünki bizim həmişə ağrımız olanda, birinci Türkiyə həyanımız olub. Biz də Türkiyəyə həyan olmalıyıq”.
Spiker Oqtay Əsədov isə bu istiqamətdə işin davam etdiriləcəyini bildirib.
İclasda bir neçə qanuna uyğunlaşdırıcı dəyişiklik edilib. Bundan başqa, Milli Məclis "Ümid" və "Babək" yataqlarının kəşfiyyatı və işlənməsinə dair sazişi təsdiqləyib.
Cari məsələlərin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycana gələn jurnalistlərə viza verilərkən müvafiq strukturları diqqətli olmağa çağırıb.
Deputat ölkədə “Halal hotel” reklamına da irad bildirib: “İndi elan edirlər ki, filan hotel halaldır. Belə çıxır ki, digərləri haramdır? Bir vaxtlar kolbasanı halal adı ilə fərqləndirirdilər, indi "Halal hotel" məsələsi ortaya çıxıb. Biz 5-10 manata görə ölkədə qurulan ictimai-siyasi sabitliyin pozulmasına yol verə bilmərik".
Vitse-spiker Ziyafət Əsgərov da bildirib ki, turistlərlə bağlı təhlükəsizlik baxımından ayıq-sayıq olmalıyıq.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi deputatların narazılığına səbəb olub.
Deputat Zahid Oruc deyib ki, deputat mandatını parlamentdə itirəcəksə, deməli, məhkəmənin səlahiyyətləri mənimsənilir: “Biz məhkəmənin qərarı ilə fəaliyyətə başlamışıq, parlamentin qərarı ilə necə mandat itirə bilərik?”
Deputat Tahir Kərimli də layihəyə etiraz edib. O, ən yumşaq halda qanun layihəsinin 5, 6, 10 və 11-ci maddələrinin dəyişdirilməsini istəyib. Bu layihələr deputatın fəaliyyəti, mandatdan məhrum edilməsi, kobud pozuntulara görə xəbərdarlıq və hədiyyələr almaqla bağlıdır. "Biz indi necə bilək ki, hansı hərəkətimiz pozuntudur, hansı yox”, - deyə T.Kərimli qeyd edib.
Deputat Fazil Mustafa da qanun layihəsinə etirazını bildirib.
Siyavuş Novruzov isə bildirib ki, qanun layihəsinin lehinə səs verəcək: “Həmkarlarım narazılıqlarını nəzəri cəhətdən əsaslandırmağa çalışdı. Amma mən praktik cəhətdən əsaslandıracağam. Çünki 5 il İntizam komissiyasının sədri olmuşam. Bu müddətdə həmkarlarımın parlamentdən kənar fəaliyyəti ilə bağlı 3000-dən çox şikayət daxil olub. Biz bunu araşdıranda məlum oldu ki, şikayətlər ən çox onların özlərini apara bilməməsi ilə bağlı idi. Müzakirə elədiyimiz qanun bu məsələləri daha yaxşı nizamlayır. Əgər deputat özünü yaxşı apara bilirsə, niyə narahat olur? O zaman mən də Cinayət Məcəlləsinə etiraz edim ki, niyə mövcuddur?”
Spiker Oqtay Əsədov da bildirib ki, qanun layihəsi üzərində yenidən işləmək lazımdır: “Bəzi maddələr bir qədər yumşaldılmalı, bəzi təkliflər ikinci oxunuşda nəzərə alınmalıdır”.
Qanun layihəsi ilk oxunuşda qəbul edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır