Prezident Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mayın 2-də Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabeni və Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxleri qəbul ediblər.
APA TV xəbər verir ki, dövlət başçısı Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının çox uğurla keçirildiyini vurğulayıb və qeyd edib ki, bundan əvvəl də Azərbaycanda gimnastika üzrə dünya və Avropa çempionatları və digər mötəbər tədbirlər yüksək səviyyədə təşkil olunub.
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının uğurla keçirilməsi və ümumilikdə idmanın gimnastika növünə verilən dəstəyə görə prezident İlham Əliyevə və birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qonaq 2020-ci ildə Tokio Olimpiya Oyunlarında Azərbaycan gimnastlarının uğur qazanacağına ümidvar olduğunu bildirib.
Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxler qeyd edib ki, Azərbaycan idman sahəsində, ümumilikdə ölkənin inkişafında inanılmaz uğurlar qazanıb. Son illər Azərbaycandakı böyük inkişaf prosesləri dərin təəssürat yaradır.
Prezident İlham Əliyev paytaxtımızda və digər regionlarda genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini bildirib, ən müasir idman strukturunun, o cümlədən gözəl gimnastika idman sarayının inşa edildiyini məmnunluqla vurğulayıb.
Qonaqlar Azərbaycanda gimnastika sahəsində görülən işləri dünyada idmanın gimnastika növünün inkişafına böyük töhfə kimi dəyərləndiriblər.
Birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva ölkəmizdə Gimnastika Federasiyasına rəhbərlik etməsindən və xüsusilə bu sahədə əldə olunan uğurlardan qürur hissi keçirdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır