Azərbaycan İslamiadanın yeni rekordunu müəyyənləşdirəcək

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 10 gün qalır. APA TV-nin xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimov İslamiadanın ən yüksək səviyyədə keçiriləcəyini bildirib.

 

Nazir "Bakı-2017"ni tarixi hadisə kimi qiymətləndirib: "Yarışlara 57 ölkədən 3000-dən artıq idmançı qatılacaq ki, bu da İslamiada tarixində yeni rekorddur. Həmçinin 1000-ə yaxın rəsmi qonaqlar gələcək. 165 idman yarışına tamaşa etmək üçün 500 mindən artıq bilet satışa verilib. Hər şey plan üzrə gedir".

 

Azad Rəhimov idman obyektlərinin oyunlara hazır olduğunu bildirib: "20 idman növü üzrə yarışlar müxtəlif idman obyektlərində keçiriləcək. Bundan başqa, 17 qeyri-yarış məkanı istifadə olunacaq. Bütün idmançılar rəsmi olaraq bu gündən Atletlər Kəndinə yerləşdiriləcək. Nəqliyyat məsələləri yüksək səviyyədə təşkil olunacaq".

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə yarışın tək Azərbaycanın deyil, bütün İslam dünyasının tarixində əhəmiyyətli rol oynayacağını vurğulayıb. O, IV İslam Həmrəyliyi Oyunlarının İslam dininin sülhsevər din olduğunu bir daha göstərəcəyini və iştirakçı ölkələrin yaddaşında parlaq xatirə kimi qalacağını deyib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR