Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev yeni kampusda görülən işləri əks etdirən stendlərlə tanış olub.

 

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov dövlət başçısına görülən işlərlə bağlı məlumat veriblər. Bildirilib ki, 7 hektar ərazisi olan kampusun tikintisinə 2012-ci ildə başlanılıb və tədris üçün tam hazır vəziyyətə gətirilib. Təhsil kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub. Bakı Ali Neft Məktəbinin kampusu əsas tədris korpusunu, kitabxana kompleksini, kütləvi tədbirlər üçün akt zalını, idarəetmə bölmələrinin yerləşdiyi binanı, yeməkxananı, uşaq bağçasını, ən müasir tələblərə cavab verən və qapalı idman zallarından, qapalı üzgüçülük hovuzundan, açıq tennis, voleybol, basketbol meydançalarından və stadiondan ibarət idman və 400 nəfərlik yataqxana kompleksini birləşdirir.

 

Prezident İlham Əliyev kampusun açılışını bildirən lenti kəsib və əsas korpusda yaradılan şəraitlə tanış olub.

 

Azərbaycan prezidenti Bakı Ali Neft Məktəbinin tələbə-müəllim heyəti ilə görüşüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR