Əli Əhmədov: "Məqsədimiz həyat səviyyəsini Avropa standartlarına yaxınlaşdırmaqdır"

“Çox təəssüf ki, bəşəriyyət inkişafın yüksək mərhələsinə çatmasına baxmayaraq, hələ də çox ciddi problemlər mövcuddur. BMT-nin hesablamalarına görə, 1 milyarda qədər insan normal qidalana bilmir, 1,5 milyard insan gündə 1 dollara yaşamağa məhkumdur”.

 

APA TV-nin məlumatına görə, bu sözləri BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfransda baş nazirin müavini Əli Əhmədov deyib.

 

O bildirib ki, dünyada on milyonlarla insan işsizlikdən əziyyət çəkir: “Ayrı-ayrı ölkələrdə insanların orta ömrü 50-55 ildir, inkişaf etmiş ölkələrdə isə bu göstərici 75-80 ildir. Bütün bunlar BMT-ni ciddi şəkildə narahat edir. Ona görə də BMT bu problemlərin 2030-cu ilə kimi həll edilməsini qarşıya məqsəd qoyub”.

 

Ə.Əhmədov qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan inkişaf edən ölkələr sırasına daxildir: “Son 12 ildə Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb. Azərbaycanda təhsil, səhiyyə infrastrukturunun yenilənməsi sahəsində mühüm iş görülüb. Bütün bunlar ölkəmizdə insanların həyat səviyyəsini köklü şəkildə dəyişib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmaqda Azərbaycanın məqsədi əhalinin rifahını daha da yüksəltməkdir. İnanırıq ki, Azərbaycan iqtisadiyyatının inkişafı yeni mərhələyə qədəm qoyacaq. Məqsədimiz həyat səviyyəsini Avropa standartlarına yaxınlaşdırmaqdır. Bu hədəf və məqsədlər mili proqramda əksini tapıb”.

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, əgər hökumət BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı üzərinə öhdəliklər götürübsə, burada şəffaflığı, monitorinqi vətəndaş cəmiyyəti institutları həyata keçirməlidir.

 

Ombudsman Elmira Süleymanova qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri əhaliyə sadə dildə çatdırılmalıdır.

 

Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev hesab edir ki, belə proqramların həyata keçirilməsi vətəndaş cəmiyyəti institutlarının iştirakını zəruri edir

 

Tədbir çıxışlarla davam edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR