Fuad Muradov: "İlk dəfə Milli Məclisdə 17 yaşımda olmuşam"

Milli Məclisdə “Heydər Əliyev milli parlamentarizmin banisidir” mövzusunda dəyirmi masa keçirilib.

 

APA TV-nin məlumatına görə, parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, hakim Yeni Azərbaycan Partiyasını təmsil edən gənclər iştirak ediblər.

 

Tədbirdə çıxış edən komitə sədri Fuad Muradov deyib ki, gənclər Azərbaycanın quruculuq işində aktiv iştirak edirlər: “Hər bir Azərbaycan gənci ulu öndər Heydər Əliyevin siyasi kursunu dəstəkləyir. Hər birimizin borcudur ki, Azərbaycanın inkişafına töhfə verək. Ölkədə gənclərə böyük diqqət və qayğı göstərilir. Milli Məclisdə də gənclər aktiv iştirak edirlər, Gənclər və idman komitəsi fəaliyyət göstərir. İlk dəfə Milli Məclisdə 17 yaşımda olmuşam. O zaman düşünməzdim ki, gələcəkdə parlamentin üzvü olacağam. Heydər Əliyev bu gün üçün çalışırdı. Azərbaycan indi güclü dövlətdir, heç kəs Azərbaycanla sərt tonda danışa bilməz”.

 

Deputat Məlahət İbrahimqızı bildirib ki, Heydər Əliyevin müasir Azərbaycan parlamentinin yaranmasında böyük rolu olub. O xatırladıb ki, 2005-ci ilə qədər ölkədə maliyyə problemləri olub: “Azərbaycanda 2006-cı ildə 4 ay müddətində Milli Məclisin binası əsaslı təmir edildi. Burada hər bir şərait mövcuddur. Bütövlükdə Azərbaycanda gənclər üçün lazımi şərait yaradılıb”.

 

Sonra ümummilli Heydər Əliyevin çıxışlarından ibarət video-çarx nümayiş olunub. Tədbir çıxışlarla davam etdirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR