Baş nazirin müavini: "Beynəlxalq donorların fəaliyyətinə sərt nəzarətin səbəbi..."
“Hər bir dövlətin təhlükəsizliyini qorumaq üçün addımlar atmaq hüququ var. Torpaqlarımız işğal olunub, 1 milyona qədər insanımız qaçqın və məcburi köçkün şəraitindədir”.
APA TV-nin məlumatına görə, bu sözləri baş nazirin müavini Əli Əhmədov beynəlxalq donorların fəaliyyətinin müəyyən qədər məhdudlaşdırılması ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, beynəlxalq donorlar ilk növbədə Azərbaycanda qaçqın və köçkün problemlərinin köklü həllinə, torpaqların işğaldan azad edilməsinə yardımçı olmalıdırlar: “Ona görə də ilk növbədə dövlət maraqlarını düşünməliyik. Hər hansı beynəlxalq donorun üzərinə kölgə salmaq niyyətində deyiləm. Ancaq Azərbaycan torpaqlarının bir hissəsi işğal edilən, müharibə vəziyyətində olan ölkədir. Ona görə də bu, hökuməti müəyyən addımlar atmağa məcbur edir. Buna görə də beynəlxalq donorların fəaliyyəti ilə bağlı sərtləşmələr var. Başqa ölkələr də belə addımlar atır. Bu sahədə tam şəffaflığın olması yaxşı olar. Amma təəssüf ki, hökumətin bu sahədə şəffaflıq tələb etməsini bəzi donorlar əngəl yaradılması kimi qiymətləndirir. Biz istəyirik ki, hər şey tam şəffaf olsun. Ayrılan vəsaitin hansı məqsədlə və hara xərcləndiyini bilək”.
"Vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda problemlər var" - deyən Əli Əhmədov qeyd edib ki, bəzi qurumlar vətəndaş cəmiyyəti təşkilatlarının təklilərini nəzərə almırlar.
Ə. Əhmədov bildirib ki, bəzi hallarda QHT-lər sadəcə, “pul verin, fəaliyyət göstərək” prinsipi ilə çıxış edirlər: “QHT-lər dövlət qurumlarını fəaliyyətlərinin faydalı olduğuna inandırmalıdır. QHT-lər hökumətin bu və ya digər məsələləri həll edərkən xərcləri azaldacaq təkliflərlə çıxış etməlidir. Biz eyni məqsədə birlikdə gedə bilərik. Hökumət vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Sadəcə, vətəndaş cəmiyyəti özünün faydalı olduğunu təsdiq etməlidir. Hökumət qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır