Beynəlxalq Gimnastika Federasiyasının prezidentinə fəxri doktor adı verildi

"Son dövrlər ölkəmizdə gimnastika idman növləri sürətlə inkişaf edib".

 

APA TV-nin məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov Bədən Tərbiyəsi və İdman Akademiyasında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe ilə keçirilən görüş zamanı bildirib.

 

O deyib ki, dövlətin idmana göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımız iştirak etdikləri beynəlxalq yarışlarda yüksək nəticələr əldə edib.

 

Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev isə rəhbəri olduğu təhsil ocağında görülən işlərdən danışıb. Rektor son illər akademiyada bir sıra ixtisaslar üzrə bakalavr və magistr pillələrində tədris aparıldığını vurğulayıb.

 

Daha sonra universitetin fəxri doktoru diplomu Morinari Vatanabeyə təqdim olunub.

 

Ölkəmizlə Beynəlxalq Gimnastika Federasiyası arasındakı əlaqələrdən söz açan federasiya prezidenti Morinari Vatanabe idmançılarımızın əldə etdiyi nailiyyətləri Azərbaycanda bütövlükdə idmana dövlət səviyyəsindəki qayğının təzahürü kimi dəyərləndirib: "Azərbaycan Gimnastika Federasiyasının həm dünya çempionatı, həm də dünya kubokunun keçirilməsində böyük təcrübəsi var. Bundan öncə də dünya kuboku yarışları keçirilib. Biz hər dəfə bu yarışlarda yeniliklər görürük və hər kəs bu yarışlardan məmnun qalır".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR