Qəbələdə avtomobildə yararsız at əti aşkarlandı

Qəbələ rayonunda aşkarlanan mənşəyi məlum olmayan yararsız at əti zərərsizləşdirilib.

 

APA TV-nin xəbərinə görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları rayonun Məmmədağalı kəndi ərazisində hərəkət edən İsmayıllının Mican kənd sakini Rəsulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi "VAZ-2106" markalı 07 BD 765 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirən zaman onun yük yerində mənşəyi bəlli olmayan, dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş əti aşkar olunub.

 

Qəbələ rayon Baytarlıq İdarəsinin əməkdaşları Qorxmaz Rəsulovun minik avtomobilinin yük yerində antisanitar şəraitdə daşınan, üfunətli iy verən, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq baxışından keçməyən, dərisi soyulmamış at ətindən nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

 

Avtomobildə aşkar olunan at cəmdəyi isə müayinələr başa çatana kimi Qəbələ rayon Baytarlıq İdarəsinin soyuducu kamerasında müvəqqəti saxlanca qoyulub. Həmçinin baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, götürülən nümunələrdə bakterioloji çirklənmə aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at əti olması müəyyən edilib.

 

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan at cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilib. At cəmdəyi Qəbələ rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq torpağa basdırılıb və ərazidə dezinfeksiya işləri görülüb. Yararsız at ətinin minik avtomobilinin yük yerinə yığılaraq hansı istiqamətə aparılması ilə bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR