Fərqanə Qasımova: "Atam dedi ki, solo-konsert fikrindən vaz keç"

Əməkdar artist Fərqanə Qasımova üçüncü solo konsertinə hazırlaşır.

 

“Solo konsert çox ağır və gərgin işdir. Bunu sənətçilər daha yaxşı bilir. İki solo-konsert verməyinə baxmayaraq, söz vermişdim ki, bu işə baş vurmayacağam. Amma içimdə olan həvəs, eşq yenidən məni bu layihəyə gətirib çıxardı” - deyən Fərqanə xanımın sözlərinə görə, atası Alim Qasımov da onu solo-konsert fikrindən daşındırmağa çalışıb: “Alim müəllim mənə dedi ki, “girmə bu yükün altına. Sən hələ cavansan. Sənin nə yaşın var ki?” O da istəməzdi ki, mən bu əziyyətin altına girim. Ancaq sağ olsun, Alim müəllimin nəfəsi, yaradıcılığı, böyüklüyü, atalığı, ustadlığı mənə hərtərəfli güc verir”.  

 

Məşqlər gərgin keçir. Konsertin proqramı tamamilə yeni əsərlər üzərində qurulub. Gecədə Fərqanə xanımı 13 nəfərdən ibarət ansambl müşayiət edəcək.

 

Konsert xalq artisti Alim Qasımovun 60 illik yubileyinə həsr olunub. Bədii rəhbər Rüstəm Zeynallıdır: “Bir az məşqlərə gecikir Rüstəm. Bizi çox incidir. Amma onun istedadına nəzər salaraq səbir edirik. Çünki əsas sonucdur ki, gözəl sonucla başa vurulsun bu iş. Mən öz adımdan bu kaprizlərə dözürəm”.

 

Fərqanə xanım tam açıqlamasa da, gecədə sürprizlərin çox olacağını deyib.

 

Qeyd etmək yerinə düşər ki, konsert Bakı 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində gerçəkləşəcək. Fərqanə xanım ümid edir ki, paytaxta gələn qonaqlar musiqi töhfəsindən zövq almaq imkanını əldən verməyəcəklər.

 

Konsertin informasiya dəstəkçilərindən biri də APA TV-dir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR