Portret çəkən rəssam: "Adamda gözəllik yoxdursa, mən nə edim?" - REPORTAJ

Rəssam Vüsal Tərlanoğlu 10 ilə yaxındır portret çəkməklə məşğuldur. Uşaqlıqdan bəri natura çəkməyə həvəsi olmayıb, ancaq bu sahədə özünü sınayıb. Hiperalizm üslubunda işləyir. Bu üslubu öyrənmək üçün 4 il Türkiyədə təhsil alıb. Onun sözlərinə görə, insanların rəsmini çəkdikcə, onların üz cizgilərindən hansı xarakterə malik olması sezilir: "İşləyəndə bilirik ki, bu insanın xarakteri necədir. Yaşlı insan olur, baxırıq ki, arxasında dağlıq mənzərə çox sevəcək. Elə insan var, bilirik ki, elə şeyləri sevməz, sadə bir rəng sevəcək. Ona uyğun edirik".

 

Müsahibimiz bildirir ki, gün ərzində ən azı 3-4 portret sifariş olunur. "Hər kəsin büdcəsinə uyğun portret çəkirəm" deyir. 30-40 manatdan başlayan qiymətlər ölçülərinə görə 1000-2000 manat arasında dəyişir: "Ən bahalı portretim 4000 manat olub. Bir ailə tablosu idi. Böyük tablo idi, bir ay yarım vaxt sərf etdim, üzərində işlədim. Amma bu o demək deyil ki, varlını daha yaxşı çəkirəm, kasıbı daha pis. Sadəcə, texnikalar var. Elə texnikalar var ki, həqiqətən o texnikalardan istifadə etdikdə, portret daha baha gəlib çıxır. Amma elə portret var ki, sadəcə, bir kağız və bir karandaş işlədirəm".

 

Müsahibimiz bəzi hallarda portreti sifariş verdikdən sonra gəlib götürmədiklərini deyir. Rəsm işləndikdən sonra müştəri tərəfindən bəyənilməsə, almağa da məcbur etmir: "Bəzən deyirlər yox, nə gündədir. Yanında düzəldirəm, görür ki, adi bir şey imiş, düzəldi. Bəziləri rəsmi götürür, amma yenə də minnət qoyulur. Bəziləri var ki, rəsmdən anlayışı oldu-olmadı, münasibət bildirir. Hər insana uyğun davranmağa çalışırıq".

 

"Qadın, yoxsa kişi portretini çəkmək daha asandır?" sualına isə rəssam belə cavab verir: "Uşaqlıqda çox fərq edirdi, qadın saçlarını çəkmək mənim üçün çətin idi bir az. Ona görə də həmişə kişi portreti edirdim. Həm də kişi portreti daha tez bitirdi deyə. Amma indi asan-çətin mənim üçün geridə qalıb. İndi qadın portretini çəkməyi daha çox xoşlayıram. Baxıram ki, portretdəki şəxs gözəldirsə, portret həqiqətən gözəl görünür. Mən ona çox az əmək sərf etsəm də, həqiqətən gözəl görünür. Amma gözəllik yoxdursa, mən ona günlərimi aylarımı sərf etsəm də, alınmır".

 

Vüsal Tərlanoğlu deyir ki, bir müddət işinə ara verib, amma çəkdiyi bir portretdən sonra fikrini dəyişib və yenidən rəssamlığa qayıdıb: "Naibə Allahverdiyevanın şəkilini çəkmişdim. Cızma-qara idi. Çəkdikdən sonra xoşuma gəldi, sosial şəbəkədə paylaşdım. Axşam qoydum və sabah səhər gördüm, o şəkil nə qədər insan tərəfindən bəyənilib, paylaşılıb. Naibə xanım özü paylaşıb, ürək sözlərini yazıb. Heç o rəsmə əziyyət də çəkməmişdim, amma uğur gətirdi. Gözləmirdim. Həmin gün bütün başqa işlərimin hamısını saxladım, işlədiyim yerlərdən çıxdım, təhvil verdim, daha çox stimul verdi".

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR