Masallıda yeni tütün növləri əkilir - REPORTAJ

Masallıda tütün əkininə başlanılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, bu il fermerlər əsasən yerli sortlara üstünlük veriblər.

 

İlk dəfə olaraq təcrübə üçün bu rayonda Amerika sortu da əkiləcək. Bu sahəni daha da inkişaf etdirmək məqsədilə rayonda iki tütün qurutma sexinin tikintisi gözlənilir.

 

Hazırda Masallının Xırmandalı kəndində fermer Məhərrəm İbrahimovun təsərrüfatında tütün əkini sürətlə aparılır. Onun sözlərinə görə, bu il fermerlər sahələrə əsasən yerli "Zaqatala-67" sortundan tütün əkirlər: "Mən bir hektar 30 sotda tütün əkmişdim, ilkin olaraq nümunə üçün 3-4 tona qədər tütünü Şəki məntəqəsinə təhvil verdim. Məqsədimiz bu idi ki, bu sahəyə yenidən qayıdılsın".

 

Fermerlər tütünçülüyü inkişaf etdirməyi qarşılarına məqsəd qoyublar. Bu səbəbdən bölgədəki qocaman tütünçülərin təcrübələrindən yararlanırlar. Təcrübəli fermer Yaşasın Abdullayev gənc həmkarlarına öz məsləhətlərini verib: "Bu bitki gərək alaq içində olmaya, təmiz yerdə olanda özü yaxşı inkişaf edir. Bu qayda ilə yaxşı becərsən, mən deyən qaydada 50-40 ton məhsul götürmək olar".

 

Ötən il tütün əkini üçün Zaqatala rayonundan Masallıya xeyli şitillər gətirilib. Bu il isə fermerlər xarici sortları parniklərdə becərməyə nail olublar.

 

Fermer Məhərrəm İbrahimov bu il yeni tütün növlərini sınaqdan keçirdiklərini bildirib: "Bu, Berley sortudur, yeni tütün sortudur, Amerika növüdür, bu il bu əldə olunub. Bildiyimizə, öyrəndiyimizə görə, məhsuldar, enliyarpaq, keyfiyyətli tütündür. Əkin qaydası tamamilə başqadır, bu il öz təcrübəmizlə əkmişik. Yəqin effekt verərsə, gələn il bu tütün növünə üstünlük verərik".

 

Ötən il fermerləri narahat edən əsas problemlərdən biri tütünü Şəki rayonuna aparıb təhvil vermək olub. Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Seymur Nuriyev bildirib ki, bu ildən fermerlər tütünü Masallıda yaradılacaq qəbul məntəqəsinə təhvil  verə biləcəklər.

 

Qeyd edək ki, Masallı rayonunun Qızılağac, Xırmandalı, Səmidxan Şərəfə, Qarğalıq və Təzə Alvadı kəndlərində ümumilikdə 33 hektar ərazidə tütün əkini nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR