"Sizdən bizə su damır" deyib evə basqın etdilər

"Bağ evi satılıb, mənzildə kifayət qədər pul var". Cinayət törətməkdə şübhəli bilinən şəxslərdən biri - Murad Səfərov öz tanışlarına belə deyib.

 

Aprelin 26-da saat 04:00 radələrində üç nəfər Nəsimi rayonu ərazisində yaşayan Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə daxil olub. Onlar ev sahibinin başına dəmir parçası ilə xəsarət yetirərək, oradan içərisində 200 manat pul və sənədlər olan pulqabını oğurlayıblar. Oradan heç nə çıxmadığını görüb, mənzili tərk ediblər.

 

Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Salahov tutulublar.

 

Mənzilin qapısını isə əvvəlcə özünü qonşu kimi təqdim edən Gülər Bəxtiyarzadə döyüb. Ahıl yaşlı kişi qapını açandan sonra digər dəstə üzvləri evə basqın ediblər.

 

Saxlanılan Gülər Bəxtiyarzadə hadisəni belə təsvir edib: "Qapını döydüm, dedim su damır, qonşuyam. Uşaqlar girdilər evə, mənzili axtardılar, heç nə çıxmadı".

 

Elvin Salahov da törətdikləri cinayəti etiraf edib: "Qız çəri girən kimi biz dalınca keçdik. Tapançanı tutdum əlimdə. Ağzını tutduq, evi axtardıq. Dedik pul, kişi dedi yoxdur".

 

Qeyd edək ki, Murad Səfərov zərərçəkən şəxsin bacısının nəvəsidir. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarının olmasını da istisna etmir. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR