Nərgiz Paşayeva Nizami Gəncəvi adına qızıl medalla təltif olundu
Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva Nizami Gəncəvi adına qızıl medala layiq görülüb.
APA TV-nin məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin 2016-cı ildəki fəaliyyətinə həsr olunmuş ümumi yığıncaqda məlumat verilib. Mərasimdə mükafat alimə təqdim olunub.
Nərgiz Paşayeva çıxışında müasir aləmdə elmin getdikcə artmaqda olan rolundan bəhs edərək, dünya miqyasında Azərbaycanın ədəbi-mədəni irsinin öyrənilməsi istiqamətində mühüm addımlar atıldığını, 2013-cü ildən Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin uğurla fəaliyyət göstərdiyini açıqlayıb: "Nizaminin adının əbədi olaraq Oksford Universiteti daxilində, tərkib hissəsində funksional, akademik bir mərkəzdə olması böyük hadisədir. Bu hadisənin ərsəyə gəlməsində bütün insanların əməyinə, səyinə verilən qiymət əvəzsizdir və bizi bir daha ruhlandırır".
Daha sonra sözügedən mərkəzin İngiltərə tərəfindən rəhbəri Robert Hoyland da şairin irsinin öyrənilməsi istiqamətindəki fəaliyyətinə görə Nizami Gəncəvi adına qızıl medalla təltif olunub.
Ümumi yığıncaqda AMEA prezidenti Akif Əlizadə hesabat məruzəsi ilə çıxış edib. O, Azərbaycan alimlərinin bu gün dünya miqyaslı layihələrdə iştirakından danışıb: "Biri Dubna şəhərində olan Nüvə Tədqiqatları İnstitutu, biri də Cenevrədə yerləşən böyük, möhtəşəm elmi qurumla. Azərbaycanın gənc alimləri bu gün orada staj keçir və bu, Azərbaycan elminin gələcəyini təmin edir".
Tədbirdə çıxış edənlər xüsusən də doktorantura pilləsində təhsilin dövlət hesabına maliyyələşdirilməsinin vacibliyinə toxunublar. Qaldırılan digər prioritet məsələ isə Azərbaycan dilində elmi ədəbiyyatın azlığı olub. Hesabat ətrafında müzakirələr təqribən bir saata yaxın davam edib. Yekunda hesabat səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət rəsmiləri, komitə sədrləri, ali məktəblərin rektorları və başqa qonaqlar iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır