Aviabilet, viza, hotel, smart-kart... - "ASAN Kommunal" mərkəzindən REPORTAJ

Azərbaycan prezidentinin ötən il imzaladığı fərmana uyğun olaraq əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması məqsədilə bu ildən “ASAN Kommunal” mərkəzləri yaradılıb. Hazırda paytaxtda 2 belə mərkəz fəaliyyət göstərir.

 

Mart ayının əvvəlində 2 saylı "ASAN Kommunal" mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzdə vətəndaşlara 40-dan çox xidmət göstərilir.

 

2 saylı “ASAN Kommunal” mərkəzinin bölmə meneceri Rahil Həsənov bildirib ki, mərkəzdə əsasən kommunal xidmətlərin göstərilməsi nəzərdə tutulub: “Burada “Azəriqaz” İstehsalat Birliyinin, "Azərsu" ASC və "Azərişıq" ASC-nin 40-dan çox xidməti vətəndaşlara təqdim edilir. Xüsusilə yeni smart-kartların verilməsi, itirilmiş və ya zədələnmiş smart-kartların bərpa edilməsi, texniki şərtlərin verilməsi, koda düşmüş kartların bərpası, ödənişlərin verilməsi, borc haqqında məlumatın əldə edilməsi və s. bu kimi xidmətlər göstərilir. Gün ərzində 250-300 müraciət olur”.

 

Növbəyə onlayn formada da yazılmaq olar. Rahil Həsənov əlavə edib ki, mart ayının 8-dən etibarən "Azərbaycan Dəmir Yolları" QSC-nin bilet satışı "ASAN Kommunal" mərkəzinin standartlarına uyğun həyata keçirilir. Belə ki, vətəndaş bileti yerindəcə növbəyə yazılaraq, kassaya yaxınlaşıb əldə edir.

 

2 saylı "ASAN Kommunal" mərkəzində turizm və bank xidmətləri də göstərilir. Mərkəzdə fəaliyyət göstərən bank filiallarından birinin şöbə müdiri Vasif Muradlı göstərdikləri xidmətləri sadalayıb: “Biz də müstəqil şöbə kimi mərkəzdə öz fəaliyyətimiz davam etdiririk. Bizdə olan bank xidmətləri - depozitlərin qəbulu, fiziki və hüquqi şəxslərə cari hesabların açılması, sürətli pulköçürmə sistemləri, mübadilə əməliyyatları və s. bank əməliyyatları ilə bağlı müştərilərə xidmət göstəririk”.

 

Turizm şirkətinin nümayəndəsi Vüqar Şərifov da fəaliyyətlərindən söz açıb: “Biz turizm bölməsi olaraq aviabiletlərin satışını həyata keçiririk. Eyni zamanda viza dəstəyi, hotellərin bronlaşdırılması, sığorta kimi xidmətlərdən istifadə üçün vətəndaşlara köməklik göstərə bilirik. Aviabiletlərin satışında hərəkətlilik daha çox görünür”.

 

Gələcəkdə "ASAN Kommunal" mərkəzlərində bir sıra digər xidmətlərin də göstərilməsi nəzərdə tutulur. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR