Prezident karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub.

 

APA TV xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, karbamid zavodunun direktoru Xəyal Cəfərov və “Samsung Engineering” şirkəti tərəfdən layihənin rəhbəri Hansu Kim dövlət başçısına görülən işlərlə bağlı məlumat veriblər.

 

Qeyd edək ki, karbamid zavodunun təməli 2011-ci ilin dekabrında prezident İlham Əliyev tərəfindən qoyulub. Karbamid zavodunun tikintisi ilə əlaqədar 2011-ci ildə beynəlxalq açıq tender elan edilib və tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering Co. Ltd.” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib.

 

Dövlət başçısına Sumqayıt sənaye zonasının perspektiv inkişafı ilə əlaqədar qaz təchizatı sisteminin yaradılması haqqında da məlumat verilib. Sonra prezident İlham Əliyev ayrı-ayrı inşaat sahələrini gəzib, görülən işlərlə yaxından tanış olub.

 

Zavodun tikintisinin bu ilin sonunda yekunlaşması nəzərdə tutulur. Ümumilikdə müəssisənin istismara verilməsi isə gələn ilə planlaşdırılır. Ümumi ərazisi 40 hektara yaxın olan zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq. Layihənin icrasında təxminən 3200 nəfər çalışır ki, onların da 3100-ü Azərbaycan vətəndaşıdır. Zavod işə düşəndən sonra burada 350-400 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri təxminən 750 milyon avro təşkil edir.

 

Zavodda tikinti işlərinin gedişi ilə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR