Tbilisi prospektində tıxac necə aradan qaldırılacaq? - LAYİHƏ
Tbilisi prospektində xaotik nöqtələrdə nəqliyyat sıxlıqlarının aradan qaldırılması, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə optimallaşdırma işləri görüləcək.
APA TV-nin məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov "YOL-1" layihəsinin təqdimatı zamanı bildirib.
T.Səfərovun sözlərinə görə, sözügedən layihə BNA və məsləhətçi xarici şirkətin nümayəndələri ilə birgə hazırlanıb: "Layihə üzrə Tbilisi prospekti və onunla kəsişən 5 küçə araşdırılıb və təkliflər hazırlanıb. Bunlar Tbilisi prospektinin Həsən Əliyev, İzmir, Bakıxanov küçələri kəsişmələri və birbaşa Tbilisi prospektinə təsir edən Bakıxanov-İzmir kəsişməsi və Statistika dairəsini əhatə edir".
Şöbə müdiri onu da qeyd edib ki, bu 5 kəsişmədən ən çox sıxlıq Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində yaşanır: "Şəfayət Mehdiyev küçəsindən dairəyə daxil olaraq "20 Yanvar" istiqamətinə və Həsən Əliyev istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri üçün çox kiçik gözləmə yeri nəzərdə tutulub".
Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi Tbilisi prospektində yol hərəkətinin optimallaşdırılması, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə təkliflər paketi hazırlayıb: "20 Yanvar" dairəsi istiqamətində yerləşən dayanacaq məntəqəsinin təxminən 100 metr, Bakıxanov küçəsi istiqamətində yerləşən dayanacaq məntəqəsinin isə "Çıraq Plaza"nın qarşısından 150 metr irəli köçürülməsi planlaşdırılır. Həmin ərazidə yerləşən piyada keçidlərinin svetoforla nizamlanması və yerlərinin dəyişdirilməsi nəzərdə tutulub".
Bundan əlavə, ərazidəki işıqforların fazası yenilənərək, üç fazalı sistemlə fəaliyyət göstərəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır