Araz Əlizadə: "Sulu qəlyan virus daşıyıcıdır"
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
APA TV-nin məlumatına görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, İnsan hüquqları komitəsi, Əmək və sosial siyasət komitəsi, Gənclər və idman komitəsi, Səhiyyə komitəsi və dövlət qurumlarının bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, birinci oxunuşda qəbul olunan qanun layihəsi günün ən aktual problemlərindən birinə həsr olunub: “Sulu qəlyanlarla bağlı məsələ layihədə öz əksini tapıb. Qapalı yerlərdə də siqaret çəkilməsi məsələsi mübahisə mövzusu idi. Qanunun işlək olmasını istəyiriksə, o zaman irəli sürülən tələblərə ciddi riayət etmək lazımdır”.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, insanların əksəriyyəti tütünün ağır zərərləri haqqında məlumata malik deyil: “Ümumdünya Səhiyyə Təşkilatının statistikasına istinadən demək olar ki, bu gün dünyada hər 6 saniyədə bir tütün istifadəçisi dünyasını dəyişir. Bu da il ərzində 15 milyon insanın ölməsi deməkdir. Eyni zamanda ağciyər xərçəngindən əziyyət çəkənlərin göstəricisinə baxanda görürük ki, onların sayı tütündən istifadə etməyən şəxslərdən 30 dəfə çoxdur”.
Vitse-spiker Bahar Muradova təhsil müəssisələrinə yaxın yerlərdə qapalı müəssisələr olsa belə, orada qəlyan çəkilməsinin qadağan edilməsi məsələsinə diqqət çəkib. Onun sözlərinə görə, bununla bağlı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə əlavələr edilməlidir, çünki təhsil müəssisələrinin ətrafı ictimai iaşə obyektləri ilə dolu olur.
Deputat Musa Quliyev təklif edib ki, qanun layihəsində televiziyalarla yanaşı, çap və onlayn mediada da tütün əleyhinə kampaniyaların aparılması şərt kimi qoyulsun.
Deputat Sona Əliyeva isə valideynlər qarşısında uşaqların siqaretə meyllənməsinə görə məsuliyyətin formalaşdırılması məsələsini qaldırıb: “Praktika göstərir ki, ölkəmizdə erkən yaşdan siqaretə meyllilik artır və vərdişə çevrilir”.
Millət vəkili Araz Əlizadə ölkədə hər yerdə sulu qəlyanın qadağan olunmasını təklif edib: “Bir sıra yerlərdə sulu qəlyan vasitəsilə ölkədə narkotikin yayılmasına şərait yaradırlar və bununla da biznesi genişləndirirlər. Ümumiyyətlə, sulu qəlyan tütündən daha təhlükəlidir, daha çox virus daşıyıcısıdır. Deyirlər ki, onu çəkən zaman müştüyü dəyişdirilir. Müştük dəyişsə də, boru dəyişmir və bu da infeksiyanın yayılmasında fəal vasitədir”.
Müzakirələr zamanı bildirilib ki, deputatların təklifləri nəzərə alınaraq qanun layihəsinə bir sıra əlavə və dəyişikliklər edilib. Belə ki, ictimai yerlərdə digər tütün məmulatları ilə yanaşı, sulu qəlyan və elektron siqaretdən istifadə də qadağan edilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır