Ramin Quluzadə: "Azərbaycana investisiya yatırımı üçün geniş şərait yaranır"
"Azərbaycanda tranzit üçün yaradılan infrastruktur qoyulan investisiyaların gəlirə çevrilməsi üçün imkan yaradır".
APA TV-nin məlumatına görə, bu fikirləri 16-cı Beynəlxalq “TransCaspian/Translogistica 2017” sərgisinin açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib.
O, Azərbaycanın bütün dünya üzrə tranzit daşımalarında əsas tərəfdaşlardan biri kimi çıxış etdiyini önə çəkib: "Hazırda Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşası aparılır. Limanın yanında yaradılan xüsusi azad iqtisadi zona ölkəmizə investisiya yatırımı üçün geniş şərait yaradır. İrəlidə görüləcək işlər çoxdur. İnanıram ki, qarşımızda qoyulan vəzifələri layiqincə həyata keçirəcəyik".
Nazir onu da bildirib ki, ölkəmizin yerləşdiyi coğrafi mövqe onu dünyanın ən önəmli tranzit ölkələrindən birinə çevirməklə yanaşı, iqtisadiyyata əlavə investisiyaların cəlb olunmasına da şərait yaradır.
Bu ilki sərgiyə gəlincə, 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində 14 ölkədən ümumilikdə 88 şirkət iştirak edir.
Sərgi ilə tanış olan nazir Ramin Quluzadəyə iştirakçılar, habelə onların nəqliyyat sahəsində təqdim etdiyi məhsul və xidmətlər, eləcə də həyata keçirdiyi yol-infrastrukturu layihələri barəsində ətraflı məlumat verilib.
Bu il təşkil olunan tədbirdə dəmiryol, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-logistika xidmətləri sahəsində fəaliyyət göstərən dövlət strukturları ilə yanaşı, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, Litva, Rusiya, Türkiyə və digər ölkələrin nüfuzlu müəssisə və şirkətləri təmsil olunur.
Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Dövlət Dəniz Administrasiyası və Bakı Nəqliyyat Agentliyi kimi dövlət strukturları müxtəlif ölkələrin nəqliyyat sahəsində ixtisaslaşan aparıcı şirkətləri iştirak edir.
Qeyd edək ki, sərgi 28 aprel tarixinədək ziyarətçilərini qəbul edəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır