Bu kəndə on gündür su verilmir - PROBLEM

Ucarın Lək kəndində içməli su problemi yaranıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, 4 min nəfər  sakini olan rayonun Lək kəndinə yeganə kanal vasitəsilə ötürülən suyun verilişi heç bir xəbərdarlıq olmadan artıq 10 gündür dayandırılıb. Bu isə son 20 ildə ilk dəfədir belə bir problemlə üzləşən sakinlərin  narazılığına səbəb olub.

 

Onlar kənddə içməli suyun olmaması səbəbindən suvarma suyundan həm də içməli su kimi istifadə edirlər. Susuzluqdan əziyyət çəkən təsərrüfat sahibləri özləri ilə bərabər mal-qaralarını və yeni əkilmiş kənd təsərrüfatı məhsullarının suya olan tələbatını ödəmək məqsədilə gölməçələrdə yığılıb qalmış çirkli sudan istifadə etmək məcburiyyətində qalıblar.

 

Aidiyyəti qurumlar problem yaşayan sakinlərə alternativ yolla suyun veriləcəyini desələr də, hələ ki, heç bir tədbir görülməyib. Lək kənd Sudan İstifadə Edənlər Birliyinin Sədri Yusif Müslümov suyun müvəqqəti olaraq dayandırılmasını ərazidə aparılan kəmər çəkilişi ilə əlaqələndirir. Onun sözlərinə görə, problemlə bağlı dəfələrlə Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Əlikram Mahmudova, rayon icra hakimiyyətinin məsul şəxslərinə müraciət etsələr də, hər dəfə də sabah suyun veriləcəyi barədə vəd eşidirlər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR