Bazarda neftin bahalaşacağına ümidlər azalıb, “qara qızıl” ucuzlaşır
Neft bazarında təklifin tələbi üstələməsi qiymətləri təzyiq altında saxlamaqda davam edir.
APA TV-nin xəbərinə görə, Amerika Neft İnstitutu ABŞ-ın neft ehtiyatlarının ötən həftə 897 min barel artdığını proqnozlaşdırır, bu proqnozlar neftin ucuzlaşmasına səbəb olub.
Qeyri-rəsmi hesabata əsasən, ABŞ-da benzin ehtiyatları bir həftə ərzində 4,4 milyon barel artıb. Ölkənin neft ehtiyatlarının həcminə dair rəsmi hesabat bu gün açıqlanacaq. Analitiklər Amerika Neft İnstitutundan fərqli olaraq ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcminin 1,2 milyon barel azalacağını düşünürlər. Proqnozların fərqli olması neftin qiymətinə neqativ təsir göstərir.
Birjalarda son 24 saatda “Brent” markalı neftin qiymətində ucuzlaşma müşahidə olunur. Hazırda bu markadan olan neftin 1 bareli 52,53 dollardan satılır. ABŞ-da ehtiyatların artacağına dair gözləntilər Qərbi Texas neftinin qiymətinə daha çox təsir edib. WTİ markalı neftin 1 bareli 49,49 dollardan satılır, qiymətlərin gün ərzində 49 dollar həddindən aşağı düşəcəyi gözlənilir. İki marka arasında qiymət fərqinin 3 dollardan artıq olması da bazarda qeyri-müəyyənliyin indikatoru sayıla bilər.
Xatırladaq ki, son bir ildə birjalarda “Brent” markalı neftin qiyməti 41,51 - 58,37 dollar diapazonunda dəyişib. Qiymətlərin bahalaşması OPEK-in mayın 25-də qəbul edəcəyi qərardan əhəmiyyətli dərəcədə asılı olacaq. OPEK hasilatı növbəti dəfə azaltmaq barədə qərar qəbul edərsə, qiymətlər bir illik maksimumu yeniləyə, 60 dollar səviyyəsinə çata bilər. Lakin hətta kartel üzvləri belə bu perspektivə bədbin yanaşırlar. Çünki OPEK-in fəaliyyəti nəticəsində bazarda təklif azalsa da, yaranan boşluğu ABŞ nefti doldurur. Bu səbəbdən bəzi OPEK üzvləri hasilatı azaltmağa qarşı çıxaraq, bu qərarın ABŞ-ın maraqlarına daha çox cavab verdiyini iddia edirlər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır