Yevda Abramov: "Xalq bilmir ki, pulunu hansı valyutada saxlasın"

Azərbaycanda fiziki şəxslərin "exchange" açmasına imkan verən qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında təsdiqlənib. 

 

APA TV-nin məlumatına görə,  bu barədə Milli Məclisin plenar iclasında "Valyuta tənzimi haqqında" qanunun müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

 

Onun sözlərinə görə, bundan sonra valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək. "Azərbaycanda valyutadəyişmə məntəqələri vaxtilə fəaliyyət göstərərkən tənzimləyici funksiyasını Mərkəzi Bank həyata keçirirdi. O zaman da valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxslər 500 manat məbləğində rüsum ödəyirdi. Müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan layihə qəbul olunarsa, nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək”, - deyə Z.Səmədzadə vurğulayıb.

 

Z.Səmədzadə qeyd edib ki, valyutadəyişmə məntəqəsi açmaq məqsədilə lisenziya almaq üçün girov tələb ediləcək.

 

Millət vəkili Vahid Əhmədovun təklifi ilə valyutadəyişmə məntəqəsini açmaq istəyən şəxslərdən əlavə 50 min dollar və 50 min manat məbləğində kapital qoyuluşu həyata keçirmək tələbi ləğv olunub.

 

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması turist və vətəndaşlar arasında narahatlıqlara səbəb olub və müəyyən çətinliklər yaradıb. Q.Həsənquliyev valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpasını və vətəndaşların bu hüquqlardan yararlanmasına şəraitin yaradılmasını müsbət qiymətləndirib.

 

Milli Məclisin deputatı Siyavuş Novruzov isə ölkəmizdə əvvəl mövcud olan valyutadəyişmə məntəqələrinin təkmilləşdirilməsini təklif edib. Bir il müddətində 1000-dən artıq valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırıldığını deyən deputat əlavə edib ki, bunun nəticəsində çoxlu sayda insanlar işsiz qaldı, pullar isə "qara bazar"da dövr etdi.

 

Millət vəkili Zahid Oruc valyutadəyişmə məntəqələrinin gəlir və xərcləri ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına hesabat verilməsinin əleyhinə olduğunu deyib.

 

Deputat Yevda Abramov vaxtilə valyutadəyişmə məntəqələrinin ləğv edilməsinin əleyhinə olduğunu qeyd edib: “Ləğv etdilər ki, qaş düzəltsinlər, vurub gözü də çıxartdılar. 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdilər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir versinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və Sahil qəsəbəsində villalarda yaşayan şəxslər qəza xidməti maşınlarında çantalarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edəydi və xeyri büdcəyə qalaydı? Babalarımızın, nənələrimizin “sandıq pulu” var. Xalq çaşıb qalıb. Bilmir ki, pulunu hansı valyutada saxlasın. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur” .

 

Layihə səsə qoyularaq qəbul edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR