Valyuta alverçilərinin qənimləri ələ keçdi

Gəncədə oğurluq, soyğunçuluq və quldurluq törətməkdə şübhəli bilinən dəstə zərərsizləşdirilib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Gəncə sakinləri Yaşar Nağıyev və Abbas Abbasov qabaqcadan əlbir olub qrup təşkil edərək Mərkəzi Bazarın yaxınlığında səyyar şəkildə pul mübadiləsi aparan Vilayət Abbasova qarşı soyğunçuluq ediblər.

 

Bir müddət Vilayət Abbasovu izləyən şəxslər onun üzərində pul olmasını bilərək zərərçəkənə məxsus külli miqdarda Azərbaycan manatını və ABŞ dollarını, eləcə də rus rublunu soyğunçuluq yolu ilə ələ keçiriblər.

 

Adı çəkilən şəxslər şübhəli şəxs kimi saxlanılıb və istintaqa təhvil verilib. Barələrində həbs-qətimkan tədbiri seçilib”.

 

Saxlanılan şəxslərin ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yaşar Nağıyevin şəhər sakini Rübail Əliyevlə birlikdə 2015-ci ilin dekabr ayında Gəncədə valyuta mübadiləsi ilə məşğul olan Kəmaləddin Əliyevə, eləcə də həmin ilin oktyabr ayında Goranboy sakini Rahib Rzayevə qarşı quldurluq cinayəti törətdikləri də müəyyən edilib. Həmçinin əməliyyat yolu ilə Abbas Abbasovun 2016-cı ilin yanvar ayında tanışı Arif Cəfərovla birlikdə Allahverdi Aslanova məxsus mağazadan oğurluq etməsi də aşkarlanıb.

 

Müstəntiq Fərid Məmmədovun sözlərinə görə, həmin şəxslər tanışları Əliyev Rübail Zirəddin oğlu ilə birlikdə qabaqcadan əlbir olub qrup təşkil edərək Gəncə şəhəri ərazisində əlavə quldurluq, soyğunçuluq və oğurluq cinayətləri törədiblər. Qeyd edilən şəxslərin əməllərində əlavə cinayət hadisələrinin olub-olmaması tərəfimizdən araşdırılır.

 

Araşdırmalar zamanı Abbas Abbasovun tanışları Elgün İsmayıl-Nəcat və Elnur Nəbiyevlə birlikdə Bakı şəhərinin Binəqədi rayonu ərazisində 53 yaşlı İlyas Quliyevə qarşı soyğunçuluq cinayəti törətmələri də müəyyən edilib.  Əməliyyat tədbirləri nəticəsində Elgün İsmayıl-Nəcat saxlanılıb, Elnur Nəbiyevin barəsində isə axtarış elan olunub. Cinayətkar dəstənin üzvlərindən Yaşar Nağıyev əvvəllər qəsdən adam öldürmə, Rübail Əliyev isə oğurluq və narkotik vasitələrdən qanunsuz istifadə hallarına görə 4 dəfə məhkumluq həyatı yaşayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR