"Facebook"da status yazıb özünü öldürmək istədi, polis xilas etdi - BAKIDA FİLM KİMİ HADİSƏ

Bakıda polis əməkdaşının ayıq-sayıqlığı, xidməti vəzifəsinə vicdanla və məsuliyyətlə yanaşması bir insan həyatının xilas edilməsi ilə nəticələnib.

 

DİN-dən APA TV-yə verilən məlumata görə, Sabunçu qəsəbə sakini, 38 yaşlı Şaiq İsgəndərov bir neçə gün əvvəl sosial şəbəkələrdə öz fikirlərini paylaşaraq intihar etmək istədiyini bildirib. Bu statusu yazandan sonra otağında özünə kəsici alətlə xəsarətlər yetirməyə başlayıb: "Ölməyi düşünürdüm, damarlarımı kəsməyə başladım. 8-9 yara vurdum özümə".

 

Şaiq İsgəndərov intihara cəhd şəkillərini sosial şəbəkələrdə paylaşandan sonra huşunu itirir. Bu zaman sosial şəbəkədə Şaiqi izləyənlərdən birinin Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə zəng edərək Sabunçu qəsəbəsində ünvanı dəqiq məlum olmayan şəxsin "Facebook"da status yazaraq intihar etmək istədiyi barədə verdiyi məlumat ərazi üzrə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə ötürülür. Bölmə əməkdaşları həmin şəxsin həyatını xilas etmək üçün təcili axtarışlara başlayır.

 

Qeyd edək ki, bölmə əməkdaşları intihar etmək istəyən şəxslə əlaqə saxlayan zaman o, yaşadığı evin ünvanını bilərəkdən səhv deməklə yanaşı, mənzilin giriş qapısının rəngini də olduğu kimi deməyib. Bu səbəbdən polislər Şaiq İsgəndərovun həyatını xilas etmək üçün həmin küçədəki bütün mənzillərin qapılarını döymək məcburiyyətində qalıblar. Hətta bəzi vətəndaşlar sosial şəbəkələrdə yazılan xəbərə bu cür operativ reaksiya göstərdiklərinə görə polisləri qınayıblar da. Amma ortada insan həyatı olduğundan, bölmə əməkdaşları Şaiqin axtarışlarını sona qədər aparıblar. Maraqlı məqamlardan biri də budur ki, Şaiqlə eyni mənzildə yaşayan qardaşı Vüqar İsgəndərov onun qonşu otaqda canına qəsd etdiyindən xəbərsiz olub. Bu səbəbdən polislərin üzünə qapını açan Vüqar gecə vaxtı bölmə əməkdaşlarının gəlişindən bir qədər təəccüblənib də: "Qapı döyüldü, dedilər, Şaiq burda yaşayır? Dedim hə. Dedilər hardadır? Dedim yatıb. Keçdik gördük qan içindədir. Sağ olsun polislər, vaxtında gəlməsəydilər, öləcəkdi, xəbərim də olmayacaqdı".

 

12-ci Polis Bölməsinin təhqiqatçısı Ələsgər Hüseynov hadisəni belə təsvir edib: "İlk tibbi yardım göstərdik. Təcili yardım çağırdıq, apardıq xəstəxanaya".

 

Qeyd edək ki, hadisənin baş verdiyi mənzilin yerləşdiyi küçə darısqal olduğundan, təcili yardım avtomobili həmin yerə daxil ola bilməyib. Bu səbəbdən polislər Şaiq İsgəndərovun həyatını xilas etmək üçün onu təcili tibbi yardım avtomobilinə qədər əllərində aparmalı olublar: "Həmin polis gəldi tapdı, sağ olsun. Təşəkkür eləyirəm. Operativ şəkildə gəlib tapdılar məni. Onların bu operativliyi sayəsində həyatım sağdır".

 

Qeyd edək ki, Şaiq İsgəndərov paytaxt ərazisində yerləşən şirkətlərdən birinin əməkdaşıdır və kifayət qədər yüksək əmək haqqı alır. O, intihar etmək istəməsinin səbəbi kimi 90-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı şəhid olan qardaşının yoxluğu ilə hələ də barışa bilməməsini göstərib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR