Natiq Əliyev: "Neft hasilatı azaldılmalıdır"

"Azərbaycan neftin hasilatının azaldılması ilə bağlı əldə olunmuş razılaşmanın müddətinin uzadılmasını dəstəkləyir". APA TV-nin xəbərinə görə, bunu energetika naziri Natiq Əliyev bildirib.

 

O qeyd edib ki, mayın 24-də OPEC üzvləri və kartelə daxil olmayan ölkələrin nümayəndələri bir daha toplaşacaq və Monitorinq Qrupunun hesabatı dinləniləcək. Bu hesabatdan və müzakirələrdən asılı olaraq, hasilatın azaldılmasına dair razılaşmanın müddətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar veriləcək: "Lakin mən hesab edirəm ki, ötən ilin dekabr ayında qəbul edilən qərar bazara öz müsbət təsirini göstərdi. Biz görürük ki, cari ilin yanvar ayından, yəni hasilatın azaldılmasına dair əldə olunan razılaşmanın qüvvəyə mindiyi vaxtdan etibarən neftin qiyməti stabil olaraq 50-60 dollar arasında qalmaqdadır. Bu, onu göstərir ki, görülmüş tədbirlər bazara müsbət təsirini göstərdi. Bu səbəbdən hesab edirəm ki, stabilliyin qorunması və daha yaxşı nailiyyətlər əldə etmək üçün hasilatın azaldılması ilə bağlı razılaşmanın müddəti uzadılmalıdır. Bu qərar Azərbaycanın xeyrinədir".

 

Qeyd edək ki, bu gün Bakıda II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya  Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumu öz işinə başlayıb. Forum Bakı Ali Neft Məktəbi, SOCAR və Böyük Britaniyanın "Confidence Capital Ltd" şirkətlərinin dəstəyi ilə təşkil edilir.

 

Forumda çıxış edən Milli Məclis  sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deyib ki, hazırda TANAP  və TAP layihəsi istiqamətində müvafiq tədbirlər görülür. 2018-ci ilin sonu, ən geci isə  2019-cu ilin əvvəlində Azərbaycan qazı dünya bazarına çıxarılacaq.

 

Energetika naziri Natiq Əliyev isə bildirib ki, hazırda Suriyada baş verən müharibə, Rusiyaya qarşı sanksiyaların yürüdülməsi və bir sıra digər geosiyasi hadisələr dünya iqtisadiyyatına və enerji resurslarının qiymətinə təsirsiz ötüşməyib. Bütün bu siyasi risklər neft-qaz əməliyyatlarının təhlükəsizliyini sual altına qoyub.

 

Daha sonra çıxış edən SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında hasilat 2019-cu ilin sonunda və ya 2020-ci ilin əvvəlində başlaya bilər: "Bu, optimal müddətdir. Bununla belə, 2019-cu il ən real müddət sayıla bilər. Çünki yatağın operatoru olan Fransanın "Total" şirkəti hasilatın ilk mərhələsində artıq SOCAR-ın mövcud olan infrastrukturundan istifadə edəcək".

 

150-dən artıq rəhbər şəxsin və yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə keçirilən forum aprelin 28-dək davam edəcək. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR