Avropa çempionatında beş medal qazanan cüdo yığmamız Vətənə döndü
Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında uğur qazanan cüdo üzrə Azərbaycan millisi bu gün Bakıya qayıdıb. APA TV-nin məlumatına görə, qitənin ən möhtəşəm yarışından yeni rekordla qayıdan komandamız saat 01:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Fərdi yarışda 11, komanda mübarizəsini də nəzərə alsaq, səfərə 13 idmançı ilə yollanan millimiz Varşavada 5 medal qazanıb. Belə ki, təmsilçilərimizdən 73 kq çəki dərəcəsində tatamiyə çıxan Hidayət Heydərov və 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Elxan Məmmədov bütün rəqiblərinə qalib gəlməklə, Avropa çempionu tituluna yiyələniblər.
Fərhad Məmmədovun digər yetirmələrindən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə yarışı bürünc medalla başa vurublar.
Rüstəm Orucov, Avropa üçüncüsü: “Hamı gördü ki, rusiyalı idmançı ilə güləşəndə ona üçüncü cərimə xalı düşürdü. Amma vermədilər. Məncə, hakimlər həmin epizodda səhvə yol verdilər”.
Bu nəticəyə əsasən yığmamız ümumi komanda hesabında 4-cü, kişi cüdoçularımız isə ikinci yeri tutub.
Azərbaycan Avropa çempionatının komanda yarışında da iştirak edib. Yığmamız bürünc medal uğrunda döyüşə kimi irəliləsə də, Məmmədəli Mehdiyevin (90 kq) zədəsinin özünü göstərməsi və döyüşü dayandırması təmsilçimizə və komandamıza texniki məğlubiyyətin verilməsi ilə nəticələnib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır