Türk-müsəlman xalqlarına qarşı soyqırımları - LƏNKƏRANDA BEYNƏLXALQ KONFRANS
Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans işə başlayıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, konfrans iştirakçıları öncə Tarix İnstitutunun mövzu ilə bağlı yeni nəşrlərinin sərgisinə baxış keçiriblər.
Dünyanın müxtəlif ölkələrindən tədqiqatçıların qatıldığı beynəlxalq konfransda Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət müşaviri Kamal Abdulla bildirib ki, Azərbaycanda türk-müsəlman əhalisinin qırılması, soyqırıma uğramasının öz tarixi var: "Uzun illər bu, qapalı bir mövzu kimi idi. Bu gün bizim tarixçi alimlər, Yaqub, Anar müəllim kimi alimlərimiz bunu üzə çıxarırlar və xalq da bunu bilir. Onların dünyanın müxtəlif ölkələrindəki həmkarları da bunu bilirlər".
AMEA-nın akademik katibi Nərgiz Axundova Azərbaycan xalqının dəhşətli soyqırımına məruz qalmış xalqlardan olduğunu, amma dünya ictimaiyyətinin bu həqiqətləri görmək istəmədiyini deyib: "Müxtəlif ölkələrdən bura alimlər gəlib və o alimlər Azərbaycanın nöqteyi- nəzərini qəbul edib bizim gerçək tariximizi dünya ictimaiyyətinə çatdırsalar, bu, bizim üçün müsbət və lazımlı haldır".
Konfransda xarici ölkələrin 60-a yaxın alim və tədqiqatçıların son 200 il ərzində türk-islam ölkələrində baş vermiş soyqırımlar haqda məruzələri dinlənilib.
AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov konfransın əhəmiyyətindən söz açıb: "Bu konfransın əhəmiyyəti ondan ibarətdir ki, burada daşnak strukturunun insanlığa zidd, düşmən, fəlsəfi görüşü, mahiyyəti açılır. Bunlar həmişə elan edirlər ki, guya türklər onlara qarşı soyqırım törədib, buna görə qisas alırlar. Onda sual yaranır - bəs Azərbaycandakı soyqırımlar nədir? Azərbaycanın cənubundakı soyqırımlar nədir? Bu konfransda eyni soyqırımların daha dəhşətli formada Özbəkistan ərazisində, Mərkəzi Asiyada da həyata keçirildiyi açılır".
Konfransda Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti İqor Turitsına Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır