Deputatlar icbari tibbi sığortanın tətbiq edildiyi xəstəxanalarda olub
Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin üzvləri Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrası ilə tanış olublar.
APA TV-nin yerli bürosunun xəbərinə görə, əvvəlcə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında olan deputatlar icbari tibbi sığortanın tətbiqi ilə tanış olmaq məqsədilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə maraqlanıb, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan tibbi avadanlıqlara, yeni laboratoriya və təcili tibbi yardım avtomobillərinə baxış keçiriblər.
Sonra Mingəçevir şəhərindəki “Ağsaray” hotelində Milli Məclisin Səhiyyə Komitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Azərbaycanda icbari tibbi sığorta: görülən işlər, problemlər, perspektivlər” mövzusunda birgə iclası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov icbari tibbi sığortanın Azərbaycanda tətbiq edildiyi qısa vaxt ərzində çox böyük işlər görüldüyünü bildirib. Onun sözlərinə görə, icbari tibbi sığorta tətbiq edildiyi bütün ölkələrdə tibbin inkişafının əsasını qoyub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiq edildiyi Mingəçevir və Yevlax xəstəxanalarında həkimlərin əmək haqları 240-740, orta tibb işçilərinin 80-200, kiçik tibb işçilərinin əmək haqları isə 80-130 manat arasında artırılıb. Cari ilin fevral ayında pilot ərazilərdəki tibb müəssisələrində sığortalı əhaliyə 101 268 tibbi xidmət, mart ayında isə 163 029 tibbi xidmət göstərilib. Göstərilən xidmətin 67 faizini ambulator müayinələr təşkil edib, hər iki ay üzrə həyati vacib, dəyəri yüksək əməliyyatların sayı 118 təşkil edib. Hazırda Yevlax və Mingəçevirdə hər iki müraciətdən birinə ailə həkimi baxır.
Daha sonra millət vəkilləri icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələləri müzakirə ediblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır