Bu kənddə suvarmağa su tapılmır - PROBLEM

Xaçmazın Gödəkli kənd sakinlərinin suvarma suyu problemi var. Onların sözlərinə görə, bağlarını suvarmaq üçün su tapa bilmirlər.

 

Sakinlər problemin həlli yolu kimi kəndin ərazisində olan gölün bərpa edilməsini istəyirlər. Fermer Əmirağa Osmanov deyir ki, bu yolla Gödəkli kəndində 10, Nərəcan kəndində isə 30 hektar ərazinin suvarılması mümkündür: "Gölün suyun azalandan sonra bizim bu on hektarlarla buğda sahələri susuzluqdan əziyyət çəkir. Xan arxından isə bizə su çatmır. Bir neçə il bundan öncə yağışlar zamanı gölün qabağı açılıb, indi qarşısını ala bilmirik. Bizə aidiyyəti qurumlardan kömək lazımdır".

 

Fermer İsmayıl Seyidov isə sudan az qala dərman kimi istifadə etdiklərini bildirib: "Əvvəl gölün suyundan istifadə etməklə növbəli şəkildə sahələrimizi sulayırdıq. Qalan suyu da Nərəcan kəndinə buraxırdıq, onlar da istifadə edirdilər. İndi mən 1 hektar əkin əkmişəm, 4 günə sulaya bilmirəm. Bir balaca su gəlir, ya gəlmir. Yuxarı xan kanalına gedirəm, ordan kəsirlər, deyirlər ki, olmaz. Suyu dərman kimi verirlər. Qaydaya görə əkin 4 dəfə sulanmalıdır, amma mən bir dəfə də olsun, sulaya bilməmişəm".

 

Gödəkli kəndi ərazisində yerləşən gölün suyundan SSRİ dönəmində sahələrin suvarılmasında istifadə olunub. 3 il öncəyədək əhali gölün suyundan istifadə edə bilib. Lakin son 3 ildə gölün suyunun sızması sahələrin suvarılmasında problem yaradıb. Fermer Baxşəli İmamhüseynov bildirir ki, sızma hər gün daha da artır: "Gölün qarşısını bərpa eləsələr, yenə də sahələrimizi suvararıq. Bu vaxta kimi biz sahələrimizi suvara bilməmişik. Bu, bizim gücümüzdə olan iş deyil, aidiyyəti qurumlar köməklik göstərməlidir".

 

Fermer Sərvər Səmədov əkin sahələrini əllə suvardıqlarını diqqətə çatdırıb: "Bağ əkmişik, ağaclar quruyur bir-bir. Əllə suvarırıq. Artıq xərc çəkib traktora pul veririk, yanımızdan su yanımızdan su axıb gedir. Bərpa olunma bizim üçün də rahat olar".

 

Xaçmaz Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Xaləddin Məlikov APA TV-yə bildirib ki, Gödəklidəki göl ötən il təmir olunub. Bu il rayondakı daha bir neçə gölün suyunun suvarmaya verilməsi nəzərdə tutulub: "Gödəklidəki göl ötən il bərpa olunub. Təxminən 30-35 min kubmetr həcminə malik göldür. O göl hazırda işlək vəziyyətdədir, ordan suyu vermək olar".

 

Xaçmaz rayonu ərazisində 20-yə yaxın göl var. Onlardan yalnız üçü - Sərkərli, Qımıl və Nərəcan gölləri suvarma sistemləri idarəsinin balansındadır. Digər göllər isə bələdiyyə və təsərrüfat sahiblərinə aiddir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR