Anadolu və Azərbaycan türkcələri arasındakı “Yanlış anlama”
Bakının mərkəzində qızğın çəkilişlər gedir. Ötən ay haqqında məlumatlar yayılan “Yanlış anlama” filminin paytaxtda nəzərdə tutulan səhnələrinin çəkilişinə start verilib.
Ekran işi Türkiyə və Azərbaycanda yaşayan iki ailənin 10 gününü təsvir edir. Macəra komediyasının ssenarisi Anadolu və Azərbaycan türkcələri arasında həm bənzərlik, həm də fərqlilik nəticəsində yaranan komik durum üzərində qurulub.
“Yanlış anlama” filmi Türkiyə və Azərbaycanın birgə istehsalı olduğu üçün hər iki ölkənin aktyorlarını bir araya gətirib.
Aktyor İslam Mehrəliyev təəssüratlarını bizimlə bölüşüb: “Təəssüratlar çox gözəl, çox əladır. Adam yorulmaq bilmir. Rejissorun sevgisi, qayğısı... Bu filmdə azərbaycanlı kimi danışıram. Onlar bəzi sözləri başa düşmürlər. Buna görə də yanlış anlayırlar”.
O, qonorardan da razıdır: “Mən sizə bir söz deyim, dediyimizdən də artıq verdilər. Dedilər ki, Türkiyədə gələn gəlirdən də sizə pul veriləcək. Müqavilə də bağladıq. Bəli, söz-söhbətlər oldu. Nahaq elə oldu”.
Aktrisa Pərvin Abıyeva da çəkiliş prosesindən razıdır: “Varlı adamın qızıyam. Rol adım Nəsrin, bizim dildə Nəzrin. Filmin ssenarisi çox maraqlıdır. Aktyorlar çox maraqlıdır. Rejissor, operator professionaldır. Ona görə çox maraqlıdır”.
Bakı çəkilişləri türkiyəli aktrisa Pelin Sönməzin də ürəyincədir: “Çox gözəl şəhəriniz var. Heyran qaldım. İlk gəlişimdir. Daha əvvəl də gəlmək niyyətim var idi, amma qismət olmamışdı. Nə yaxşı ki, bu film vəsilə oldu. Çox sevdim. Mənim filmdəki adım Güneldir. Çox əyləncəli qızdır”.
Filmin rejissoru Ulaş Cihan Şimşək deyir ki, İstanbul çəkilişləri bitib. Bakı səhnələri çəkiləndən sonra ekran işinin montajına start veriləcək. Onu da öyrəndik ki, bu filmin davamı da olacaq: “Bakının memarlığı çox gözəldir. Parisdən də gözəldir. Bakı kimi şəhər dünyada tanınmalıdır. Bu film inanıram ki, bunun üçün fürsət olacaq. Bu filmdən sonra iki film də çəkəcəyik. Amma dram da çəkmək istəyirəm”.
Filmdə Şövkət Çoruh, Bahadır Efe, İlkər Ayrık kimi tanınmış aktyorlar da yer alıb. Lakin onları Bakı çəkilişlərində görə bilmədik: “Onların İstanbul səhnələri var. Digər filmdə İstanbul çəkilişlərində bizimlə olacaqlar”.
“Yanlış anlama” filminin oktyabrda təqdim ediləcəyi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır