Mehriban Əliyeva: “İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır”

“Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz”. APA TV-nin  məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin iclasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.

 

“Din özü-üzlüyündə terroru rədd edən amildir və İslam dini sülh, mərhəmət dinidir. Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcək”.

 

Mehriban Əliyeva bildirib ki, Azərbaycan artıq bütün dünyada idman məkanı kimi tanınır. Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafına dövlətimizin verdiyi dəstək bütün dünya tərəfindən çox yüksək qiymətləndirilir: “Aparılan siyasətin nəticəsi isə göz qabağındadır. İlk növbədə, bu, əlbəttə ki, Azərbaycan idmançılarının son illər ərzində əldə etdikləri nailiyyətlərdir”.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR