İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün 1000-dək əcnəbi jurnalist akkreditasiyadan keçib
"Azərbaycan müsəlman ölkələri ilə eyni mövqedən çıxış edir. Azərbaycanın 20 faiz torpağı işğal olunub, bir milyondan çox qaçqınımız var. İslam ölkələrinin bu münaqişə ilə bağlı mövqeyindən razıyıq". APA TV-nin məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Mətbuat Şurasının Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəylik Oyunlarının islam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda keçirdiyi konfransda çıxışı zamanı deyib.
O, bildirib ki, Səudiyyə Ərəbistanı, Pakistan Ermənistanı dövlət kimi tanımır. Türkiyə Ermənistanı tanısa da, onunla heç bir əlaqəsi yoxdur. Lakin bəzi müsəlman ölkələri Ermənistanla əlaqələr qurur, əməkdaşlıq etməyə cəhd edirlər. Bu isə islam həmrəyliyinə ziddir.
"İslam həmrəyliyi tarixi zərurət kimi islam dövlətlərinin qarşısında durur. Bizim məhz bu həmrəyliyə ehtiyacımız var. İslam həmrəylik oyunları təkcə idman yarışı deyil, eyni zamanda böyük ictimai hadisədir. İdman oyunları həmişə özündə sülh, barış, mesajları ehtiva edib. İslam oyunlarının əsas ana qayəsi budur. Buna görə, də islam həmrəyliyi oyunlarının keçirilməsi, minlərlə müsəlman gəncin Bakıda arenalarda tanış olması ölkə gəncləri arasında körpülərin qurulması əməkdaşlıq şəraitində günlərlə bir yerdə qalması düşünürük ki, islam ölkələri arasında həmrəylik meylilərini daha da artıracaqdır".
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki,
IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar daha sadələşdirilmiş viza rejiminin tətbiqi nəzərdə tutulub. XİN rəsmisi qeyd edib ki, yarışları işıqlandırmaq üçün 1000-ə yaxın xarici media qurumu akkreditasiya üçün müraciət edib.
Mətbuat Şurası sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Azərbaycan tolerant dövlətdir, ölkədə ayrı-ayrı dinlərə sitayiş edən insanlar bərabər şəkildə yaşayırlar. Onun sözlərinə görə, Azərbaycanda islam bərqərar olduqdan sonra bu dəyərlərə xüsusi önəm verilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, ölkə gənclərinin hərtərəfli fiziki inkişafı üçün lazımi şərait yaradılıb. Nazir müavini vurğulayıb ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında bütün islam ölkələrinin hamısı iştirak edəcəklər. İntiqam Babayev IV İslam Həmrəyliyi Oyunlarında 8 minə yaxın könüllünün fəaliyyət göstərəcəyini deyib.
Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın milli maraqlarının təmin olunmasına xidmət edəcək.
Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarını keçirməsinə Azərbaycanın mənəvi haqqı çatır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır