Tillerson: "İran Səudiyyənin ABŞ-dakı səfirini öldürmək istəyib"

ABŞ-ın dövlət katibi İranı növbəti dəfə tənqid edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Reks Tillerson adı çəkilən ölkəni beynəlxalq terrorizmə dəstək verməkdə və nüvə razılaşmasının şərtlərinə əməl etməməkdə ittiham edib.


"Rəsmi Tehranın siyasəti bizi belə hallara qarşı sərt addımlar atmağa məcbur edir", - deyə Tillerson bildirib.

O, həmçinin vurğulayıb ki, İran hərbi donanması Fars körfəzində azad hərəkətə mane olur və ABŞ gəmilərini izləyir. Tillerson İranı ABŞ və onun bölgədəki müttəfiqlərinə qarşı kiberhücumlarda da suçlayıb: "İranın bu hərəkətlərinin nəticəsi Suriya, Yəmən, İraq və Livanda göz önündədir. Tehran İsrailə qarşı da çox böyük təhlükədir".

Amerikalı nazir rəsmi Tehranın Bəşər Əsədə yardımı davam etdirdiyini deyib: "İran Əsədə hərtərəfli dəstək verir. Silah və maliyyə yardımından başqa Suriyaya xüsusi təlim keçmiş muzdlu döyüşçülər də göndərir".

Tillerson iddia edib ki, İranın xüsusi xidmət orqanları vaxtilə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil əl-Cübeyri öldürmək istəyib.

Dövlət katibi "altılıq" ölkələri ilə Tehran arasında 2015-ci ildə imzalanan nüvə razılaşmasından İranın yalnız nüvə dövləti olmaq məqsədi güddüyünü iddia edib: "Biz məhz buna görə adı çəkilən məsələnin yenidən araşdırılmasını istəyirik".
 


 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR