OPEK və Trampın mesajları neftə müvəqqəti dəstək oldu və... QİYMƏTLƏR UCUZLAŞDI

OPEK-in baş katibi Məhəmməd Barkindo hasilatın azaldılmasına dair sazişin müddətinin uzadılacağını istisna etməyib.

 

APA TV-nin xəbərinə görə, baş katib bildirib ki, bu istiqamətdə artıq pozitiv nəticələr var və müvafiq saziş gələn ayın sonunda imzalana bilər. Axşam saatlarında verilən bu açıqlama “Brent” markalı neftin bahalaşmasına səbəb olub. Gecə seanslarında bu markadan olan neft 55,11 dollara satılıb, Qərbi Texas neftinin qiyməti isə 52,60 dollar olub.

 

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların ləğvinin Amerikanın milli maraqlarına uyğun olub-olmadığını araşdırmaq göstərişi verib. Bu göstəriş də neftin qiymətinə dəstək olub. Sanksiyalar ləğv edildikdən sonra İran neft hasilatını ikiqat artırmağa müvəffəq olub, əgər sanksiyalar yenidən tətbiq edilərsə, o zaman hasilatın yenidən azalacağı şəksizdir və bu bazarda neftə tələbatı artırmış olacaq.

 

ABŞ-ın neft ehtiyatlarının həcminə dair rəsmi hesabat da gözləntiləri doğruldub. Amerika Neft İnstitutu ehtiyatların bir həftə ərzində 800 min barel azalacağını proqnozlaşdırmışdı, Energetika Nazirliyi isə bu rəqəmi 1 milyon barel olaraq açıqlayıb. Ehtiyatların 1,47 milyon barel azalacağına dair analitiklərin proqnozları isə özünü doğrultmayıb.

 

Bu amillə neftin qiymətinə qısa müddətli dəstək olsa da, səhər saatlarından başlayaraq “qara qızıl” yenidən ucuzlaşmağa başlayıb. Hazırda “Brent” markalı neftin bir bareli 53,05 dollardan, Qərbi Texas neftinin bir bareli isə 50,92 dollardan satılır. Təhlilçilər “Brent”in 12 saat ərzində 2,5 dollar ucuzlaşmasını bazarda korreksiya əməliyyatının başlaması ilə əlaqələndirir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR