Cənub bölgəsində arılar kütləvi qırılır - SƏBƏB

Cənub bölgəsində arıların 40 faizi tələf olub. APA TV-nin cənub bürosunun xəbərinə görə, bölgədə kifayət qədər təcrübəli arıçılar olsa da, bu il xeyli arı tələf olub.

 

Arıçı Yaşar Ağayev bunun səbəbini belə açıqlayıb: "Builki arıların ən zəifi budur, bunun da səbəbi gənə olub. Burda bütün çərçivəni doldurmalı idi bal ilə, hələ yarısı qədərdir. Bu da gənənin səbəbidir".

 

Astarada yaz aylarında arıçılıq təsərrüfatlarında adətən əsl canlanma müşahidə olunur. Amma bu il bir çox arıçılar çəkdikləri əziyyətin bəhrəsini görə bilmirlər. Səbəb isə gənə xəstəliyinə qarşı dərman preparatlarının keyfiyyətsiz olmasıdır. Arıçı Şahin Xalıqovun sözlərinə görə, vaxtında xəstəliyə qarşı tədbir görən fermerlərin də arı ailələrinin bir hissəsi tələf olub: "Hazırda məndə 120 arıdan 15-i qırılıb, mən narazı deyiləm bu ildən. Bu il, şükür Allaha, arı qabağa gedir. Xəstəlik hazırda bu dəqiqə yoxdur, keçən il var idi, arı işləyə bilmədi, ona görə qırıldı".

 

Arıçılar Cəmiyyətinin sədri Arif  Nəzirov  deyir ki, artıq müvafiq qurumlar bu vəziyyətdən xəbərdardır. Amma vaxtında qarşısı alınmasa, yenidən kütləvi qırılma halları müşahidə oluna bilər: "Cənub bölgəmizdə daha çox itki verilib. 40-42 faiz arı itkisi ilə rastlaşmışıq. Arıçılığı inkişaf etdirmək üçün çoxlu zəhmət tələb olunur. Hazırda biz də çalışırıq arımızı daha da inkişaf etdirək, yaxşı məhsul əldə edə bilək".

 

Arıların tələf olmasına baxmayaraq, fermerlər bu il məhsuldarlığın yüksək olacağını deyirlər. Buna həm havaların əlverişli olması, həm də qalan arı ailələrinin işlək olması imkan verir. Fermerlər bu il balın qiymətinin yüksək olacağını deyirlər. Çünki arı ailələri qırıldığı üçün məhsul da bir qədər az olacaq ki, bu da balın qiymətinə təsirsiz ötüşməyəcək. Ötən il balın bir kq-ı 15 manata satılırdısa, bu il 20-25 manata satılacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR