Ərdoğandan Avropa qurumları ilə bağlı sərt sözlər: “Həddinizi bilin!”

Türkiyədə Avropa İttifaqına üzvlüyə dair danışıqlardan çıxmaq barədə referendum keçirilə bilər. Bunu Ankarada çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib:

 

“54 ildir ki bizi Avropa İttifaqının qapıları arxasında gözlədirlər. Amma indi biz oturub danışacağıq və lazım gəlsə bu məsələ ilə bağlı ümumxalq səsvermə  keçirəcəyik. Avropa İttifaqının təsisçilərindən biri olan Böyük Britaniya qurumu tərk edir. Norveç də Avropa İttifaqının kənarındadır. Biz xalqın rəyini öyrənəcəyik. Xalq nə desə, o da olacaq”.

 

Onun sözlərinə görə, Avropa İttifaqı vədlərinə əməl etmədiyi təqdirdə fəsadlarla üz-üzə qalacaq:

 

“Terrorçu təşkilatları dəstəkləmək olmaz, Türkiyə heç bir zaman öz sərhədləri daxilində hər hansı terrorçu qurumun yaradılmasına imkan verməyəcək”.

 

Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən referenduma mənfi rəy verən ATƏT haqqında da kəskin ifadələr işlədib:

 

“ATƏT adlı bir təşkilat var. Bunlar özləri üşün hesabat hazırlayırlar. Həddinizi bilin. Sizin hazırladığınız siyasi məzmunlu hesabatları biz nə görürük, nə eşidirik, nə də bilirik. Biz yolumuza davam edirik. Bu ölkə Qərbin heç bir ölkəsində görünməmiş ən demokratik səsvermə keçirib”.

 

Rəcəb Tayyib Ərdoğan onu da deyib ki, edam hökmünün bərpası haqqında qanun parlamentdən keçsə, prezident kimi qanunu təsdiqləyəcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR