Azərbaycanı tanıdacaq dəyərli əl işləri - “ABAD” Sənətkarlıq Mərkəzindən reportaj
Bir aya yaxındır "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "ABAD" Sənətkarlıq Mərkəzi fəaliyyət göstərir. Turistlərin daha çox marağına səbəb olan bu mərkəzdə sənətkarların əl işlərinin satışı həyata keçirilir. Məqsəd dekorativ xalq sənətkarlığı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. İlkin mərhələdə 63 ailənin 500 adda 2000-dən artıq məhsulu sərgi satışa çıxarılıb.
ABAD Sənətkarlıq Mərkəzinin inzibatçısı Aqşin Mahmudov deyir ki, satışda gördüyümüz malların böyük əksəriyyəti turistlər və yerli sakinlər tərəfindən alınıb.
Təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi "ABAD" leybli yerləşdirilib. Bundan əlavə isə qiymətləri də üzərində yazılıb: "Bizim saytımız fəaliyyət göstərir, hazırda işlər gedir, bütün mallara barkodlar yerləşdiriləcək. Gələcəkdə həm xaricdən gələn, həm də yerli sakinlər həmin sayta daxil olmaqla, barkodlar vasitəsilə onu hazırlayan şəxs və ailə tarixçəsi haqqında məlumatlar əldə edə biləcəklər".
ABAD Mərkəzinin art-direktoru İradə Əmiraslanova deyir ki, sənətkarların hər bir məhsulunda milli ruh hiss olunur: "Burada hər cür əl işləri var. Şüşə üzərində boya ilə gözəl naxışlar, rəssamların əl işləri... Bundan əlavə, tikmələr var, misdən gözəl əl işləri var".
Müsahibimiz deyir ki, bəzi əl işlərinə tələbat təklifi üstələyir: "Xalça toxuculuğu çox yüksək səviyyədədir. Yun iplərlə xalça toxuyurlar. Keyfiyyəti o qədər yüksəkdir ki, biz heç çatdırmırıq, çox tez alınır. Masallıdan sənətkarlar həsir hazırlayır. Hər gün xaricilər alır bu həsirləri. Bizim saxsı qablarımıza, ən çox da xırda milli suvenirlərə üstünlük verilir".
Mərkəzdə kənd təsərrüfatı məhsulları da satışa çıxarılıb, onlara xüsusi uyğunluq sertifikatı verilib: "Rus turistləri daha çox mürəbbələr alır. Fransızlar, yaxud ərəblər daha çox bal alırlar. Nə qədər turist qayıdır o mürəbbələri yenidən alır, çünki evdə açıb yeyirlər, qayıdıb yenidən alırlar".
Mərkəzin İçərişəhərdə fəaliyyət göstərməsi isə turistlərin buraya daha çox maraq göstərməsinə və ölkəmizi xatırladan sənət nümunələrini almasına təkan verir.
"ASAN Xidmət"in sədri İnam Kərimov bildirib ki, ABAD Mərkəzin bir neçə satış mağazası açılacaq: "Növbəti aylar ərzində "Duty Free" zonalarında, hava limanında, həm də şəhərin müxtəlif, yerlərində və xüsusilə də 5 ulduzlu otellər şəbəkələrində ABAD satış məntəqələrinin yaradılması nəzərdə tutulur".
Qeyd edək ki, prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılıb. "ABAD"ın yaradılmasında məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasını dəstəkləmək üçün sosialyönümlü layihələrin həyata keçirilməsidir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır