Prezident: "Made in Azerbaijan" brendi dünyada şöhrət qazanır"

Bu gün Yevlaxda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.

 

APA TV-nin məlumatına görə, müşavirəni giriş nitqi ilə açan dövlət başçısı qeyd edib ki, son illər ərzində Azərbaycanda ciddi islahatlar aparılıb, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları qəbul edilib, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilib və göstərilir.

 

"Əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir" deyən dövlət başçısı bildirib  ki, sahibkarlarla müntəzəm olaraq ildə bir neçə dəfə görüşlər keçirir: "Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilib. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir".

 

Prezident İlham Əliyev bildirib ki, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib: "Bu kreditlər, eyni zamanda sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi".

 

Prezident 2004-cü ildən bu günə qədər Azərbaycanda əsas infrastruktur layihələrinin icra edilməsinə də diqqət çəkib:

 

"Biz elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq, 30-a yaxın elektrik stansiyası tikilib istifadəyə verilib. Bu, inkişaf üçün birinci şərtdir. Əgər enerji gücü olmasa, heç bir müəssisəni yaratmaq mümkün olmayacaq. Digər tərəfdən, infrastruktur layihələrimiz sosial xarakter daşıyır. Çünki dayanıqlı enerji ilə vətəndaşları təmin etmək hər bir dövlətin borcudur. Biz buna da nail olduq. Əvvəlki illəri yaxşı xatırlayırıq, işıqlar sönürdü, hətta Bakı şəhərində fasilələr yaranırdı. Bu gün isə biz dayanıqlı elektrik enerjisini demək olar ki, təmin etmişik".

 

Dövlət başçısı regionların abadlaşmasından, şəhərlərin gözəlləşməsindən də danışıb: "Bu ilin göstəriciləri də çox sevindiricidir. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini verib. Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. Bizim valyuta ehtiyatlarımız artır. “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq".

 

Sonra iqtisadiyyat naziri Şahin Mustafayev, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, “Azersun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan, “Az-Granata” MMC-nin direktoru Rövşən Fərhadov, “Gök-NUR Bakı” MMC-nin müdiri Fərid Fərhadzadə, “D-Fruits Kəndli Təsərrüfatı” MMC-nin təsisçisi İsaməddin Dəmirov, Biznes İnkubator iştirakçısı Ariz Mikayılov çıxış ediblər.

 

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR