Müdafiə naziri qazilərimizi mükafatlandırdı
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümünə həsr olunan "Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir"devizi altında təntənəli mərasim keçirilib.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, mərasimdə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edərək Silahlı Qüvvələrin vurduğu sarsıdıcı zərbədən düşmənin hələ də özünə gəlmədiyini diqqətə çatdırıb.
Nazir bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində orduda kompleks islahatlar aparılaraq yeni və müasir döyüş texnikaları, hərbi vasitələr silahlanmaya daxil edilib. General-polkovnik Zakir Həsənov vurğulayıb ki, Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda dövlət başçısı tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hazırdır.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq və siyasi arenada bütün diqqəti bu münaqişəyə cəlb edib. O vurğulayıb ki, hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirib. Bu döyüşlər Azərbaycanın heç vaxt işğalla barışmayacağını, xalqın ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qeyd edib ki, aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə ölkəmizin bütün vətəndaşları kimi Füzuli rayon sakinlərinin də böyük ruh yüksəkliyinə səbəb olub.
Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin atası Telman Mirzəyev həmin döyüşlər zamanı Azərbaycan Ordusunun haqlı olduğunu və gücünü təkcə düşmənə yox, bütün dünyaya göstərdiyini bildirib.
Aprel döyüşlərinin iştirakçıları adından çıxış edən polkovnik-leytenant Eldəniz Sadıqov da vurğulayıb ki, həmişə olduğu kimi, indi də şəxsi heyətin döyüş ruhu çox yüksək səviyyədədir.
Sonra 2016-cı ilin aprel döyüşləri zamanı Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərmiş hərbi qulluqçulara medal və fəxri fərmanlar təqdim olunub.
Sonda "Aprel zəfəri - 2016" ədəbi-musiqili kompozisiya təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır