Bakıda 100-dən çox su sayğacını oğurlayanlar ifşa edildilər

Vətəndaşların haqlı narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbiri həyata keçirilib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan Respublikasının vətəndaşı Elçin Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zamanı 5 ədəd su sayğacı aşkar olunaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Elçin Qurbanovla birlikdə Nizami rayonunda su sayğacları oğurlamaqda şübhəli bilinən daha bir nəfər - əvvəllər məhkum olunmuş Zaqatala rayon sakini Eldar Xasayev saxlanılıb.

 

Elnur Əliyev: Nizami RPİ-nin 25-ci PB-nin rəsi müavini: “Onlar Nərimanov rayonunda kirayədə yaşayıblar. Nizami rayonunda müxtəlif vətəndaşlara məxsus 100-ə yaxın sayğacı oğurlayıblar”.

 

Saxlanılan şəxslər ifadələrində sayğacları oğurlayandan sonra onların mis və latundan olan hissələrini Bakı şəhərinin müxtəlif yerlərində olan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Onların yaşadıqları mənzilə baxış zamanı su sayğaclarının qırılmış hissələri aşkar olunub.

 

Elçin Qurbanov və Eldar Xasayevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri nəticəsində onların paytaxtın Nizami rayonu ilə yanaşı Sabunçu rayonunda da vətəndaşlara məxsus su sayğacları oğurladıqları məlum olub. Faktlarla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Oğurluq sayğacların metal hissələrini alan qəbul məntəqələri sahiblərinin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR