Qaxda keçmiş polis qonşusunu güllələdi: AĞAC ƏKDİYİNƏ GÖRƏ

Qaxda keçmiş polis işçisi qonşusunu odlu silahla qətlə yetirib. APA TV-nin məlumatına görə, hadisə Qax şəhəri Aydın Məmmədov küçəsində qeydə alınıb.

Hadisənin baş verdiyi küçədə qonşuluqda yaşayan, 1949-cu il təvəllüdlü Nəbi Hacıislam oğlu Hacıyev ilə 1959-cu il təvəllüdlü Aydın Musa oğlu Musayev arasında  mübahisə baş verib. Mübahisə zamanı Nəbi Hacıyev ov tüfəngi ilə qonşusu Aydını güllələyib. Ağır güllə yarası alan Aydın Musayev Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırıldıqdan 3-5 dəqiqə sonra keçinib.

Hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, hadisə  qətlə yetirilən Aydın Musayevin yaşadığı evin qarşısında qeydə alınıb. Hadisəni törətməkdə şübhəli sayılan Nəbi Hacıyev saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, hadisə ağac əkmək üstündə baş verib. Aydın Musayev kiçik ərazidə ağac əkərkən Nəbi Hacıyev həmin ərazinin ona aid olduğunu bildirib. Nəticədə mübahisə baş verib. Nəbi Hacıyev Aydın Musayevi təklülə tüfənglə qətlə yetirib.

Hadisəni törədən  Nəbi Hacıyev  təqaüddə olan keçmiş polis işçisidir.

Faktla bağlı Qax rayon Prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR